XƏBƏR LENTİ

Çərşənbə axşamı, 10 Yanvar 2017 05:47

GÖRKƏMLİ GEOLOQ ALİM

Hətəm Hidayət oğlu Quliyev 1947-ci il yanvar ayının 6-da Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Mexanika” ixtisası üzrə bitirmişdir.

H.Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru və 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

H.Quliyev 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda (AMEA RMİ) kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təsərrüfatı Elmləri Akademiyasında baş elmi işçi, 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonradan “Dağılma mexanikası” şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) “Geodinamika və Dağ mexanikası” şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2003-cü ildən AMEA Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri vəzifəsində işləyir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cism mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir.

Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin başvermə ardıcıllıqları probleminin həlli, Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının geomexaniki differensial meyarlarının verilməsi, Yerin bərk nüvəsi üzrə bu meyarların tələblərinin ödənilməməsinin isbatı daxildir. Bura həmçinin Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının inteqral kriteriyalarından olan Yerin məxsusi rəqslər məlumatlarının interpretasiya olunması üçün, fiziki-mexaniki xüsusiyyətləri dərinlik üzrə qeyri-bircins olan üçlaylı kompozit kürənin məxsusi rəqslər məsələsinin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılmasını da aid etmək olar. Üstəlik, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli, kosmologiyada aləmin əbədi dövranı paradiqmasının irəli sürülməsi, aləm, fəza və vaxt məhfumlarının yeni təyini, aləmin azad, informasiya formalarının elmə daxil edilməsi, zamanın bir istiqamətli olmasının mexanizmi müəyyən edilməsi və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər də bu qəbildəndir.

H.Quliyev 5 monoqrafiya, 267 elmi əsər, 2 ixtiranın müəllifidir. Əsərlərinin 139-u xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 21 fəlsəfə doktoru yetişdirilmişdir.

H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra respublika təşkilatlarının (SOCAR, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHİRVAN OİL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və SOCAR-ın Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

H.Quliyev AMEA-nın RMİ, DNQYP institutlarında, Azərbaycan İnşaat Mühəndisləri Universitetində və Bakı Dövlət Unversitetində ixtisaslaşdırılmış Elmi Şuraların üzvü olmuşdur. Hazırda AMEA-nın Geologiya və Geofizika İnstitutunun ixtisaslaşdırılmış şurasının üzvüdür. Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur. SOCAR-ın “Neft-qaz və kondensat ehtiyatları üzrə”, həmçinin “Neft-qaz və qaz kondensat yataqlarının işlənilməsi üzrə” mərkəzi komissiyalarının üzvüdür.

H.Quliyev AMEA-nın daimi fəaliyyət göstərən Elmi Nailiyyətlər Sərgisinin təşkili üçün Sərgi Komissiyanın sədri, Amerika Neftçi Mühəndislər Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Cəmiyyətinin Azərbaycan bölməsinin, Avropa Mühəndis-Geoloqlar və Geofiziklər Assosiasiyasının, Azərbaycan Geoloqlarının Milli Komitəsinin büro üzvü, Azərbaycan Geofiziklərinin Milli Komitəsinin, Beynəlxalq “Qeofiziçeskiy jurnal” və “Vestnik Kievskoqo Naüionalğnoqo Universiteta”, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Geofizika yenilikləri” və “Mexanika” jurnallarının redaksiya heyətlərinin, Oksford Akademiyasının üzvüdür.

H.Quliyev quyuların dayanıqlığının üçölçülü riyazi nəzəriyyəsinə həsr etdiyi monoqrafiyası 1988-ci ildə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala layiq görülmüşdür. O, 2007-ci ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

70 yaşlı akademiki ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və elmi yaradıcılığında yeni uğurlar arzulayırıq.

Fəxrəddin QƏdirov,

AMEA-nın Yer Elmləri Bölməsinin

akademik-katibi, akademik.

 

 

 

Read 76 times