XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:23

“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir

2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atıldı

 

“Cənub Qaz Dəhlizi” layihəsi dünyanın ən böyük enerji layihələndəndir. Hazırda bu dəhlizin inşası uğurla həyata keçirilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində də önəmli addımlar atıldığını vurğulayan cənab İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir: “Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, “Cənub Qaz Dəhlizi”nin məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar, “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal beynəlxalq enerji layihəsidir”.

 

Bu transmilli layihənin reallaşması ilə Azərbaycan qazı daha böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcəkdir. Bu layihə Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək. Azərbaycanı dünya üçün daha önəmli ölkəyə çevirəcək. Ən əsası da “Cənub Qaz Dəhlizi”ni açmaqla, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkə kimi öz artan nüfuzunu daha da möhkəmləndirəcək. Məlumat üçün birdirək ki, “Cənub Qaz Dəhlizi” (“Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP) dünyanın ən böyük enerji layihələrindən biridir. Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Bu layihə Avropanın daxili təchizat həcmlərinin azaldığı bir vaxtda həmin bazara yeni qaz mənbəyi təklif edir və ona öz enerji strukturunu şaxələndirmək imkanı verir.

Azərbaycan bu layihədən əhəmiyyətli dərəcədə faydalanacaq. Artan qaz hasilatı Azərbaycanın iri regional qaz təchizatçısı kimi rolunu gücləndirəcək. Azərbaycan sənayedəki qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilmiş yeni obyektlər, dəniz qurğuları və ixrac infrastrukturu qazanmış olacaq.

Qeyd edək ki layihənin BP-nin əməliyyatçısı olduğu hissələri çərçivəsində bu vaxtadək imzalanmış müqavilələr təxminən 15 milyard dollar həcmindədir. “Şahdəniz-2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələrinin əsas töhfələrindən biri tikinti dövründə minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq işçi qüvvəsi cəlb edilib və onların 80 faizindən çoxu Azərbaycan vətəndaşları olub. Bu vaxtadək iştirakçı ölkələr boyunca 40 min yeni iş yeri açılıb. “Cənub Qaz Dəhlizi” Avropada gələcək bir neçə il ərzində ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən biridir.

Hazırda layihə işləri üzrə ölkənin bütün istehsalat-quraşdırma sahələrində, dənizdə və quruda yerləşən bütün sahələrdə, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığında AMEC /Tekfen/Azfen tikinti-quraşdırma sahəsində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca davam edir. Səngəçal Terminalında əlavə qaz həcmlərini qəbul və emal edə bilmək məqsədilə genişləndirmə işləri də plan üzrə gedir. Dənizdə “İsrafil Hüseynov” borudüzmə barjı Şimal Cinahdakı quyu qrupundan platforma sahəsinə gedən birinci Şahdəniz axın xəttinin mürəkkəb quraşdırma işlərini baça çatdırıb. Barj hazırda digər axın xəttinin quraşdırılmasını həyata keçirir və bunun ardınca Qərb Cinahına yollanaraq orada da iki axın xətti quraşdıracaq. Eyni zamanda, Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca Cənub Qaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işləri qarfikə uyğun davam edir.

İnşası başa çatandan sonra CQBKG, TANAP və TAP boru kəmərlərindən ibarət olan 3500 kilometr uzunluğu malik “Cənub Qaz Dəhlizi” boru kəmərləri sisteminin ilkin gücü əlavə qaz təchiz etmək məqsədilə təxminən iki dəfə artırıla bilər. Layihə çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz təchiz edilməsi nəzərdə tutulur. Bu, “Cənub Qaz Dəhlizi” boyunca yerləşən hər bir paytaxt şəhərin qaz ehtiyaclarını ödəmək üçün kifayətdir. Bu layihənin həyata keçirilməsi üçün 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcılarının sıx əməkdaşlığı tələb olunur. Hazırda “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir.

Bu layihənin reallaşmasının tarixi əhəmiyyətli bir çox məqamları diqqət çəkir. Xəzər regionunun qaz təchizatı infrastrukturunu Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsi dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində, Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində görülmüş işlər bu baxımdan xüsusilə müstəsna əhəmiyyət kəsb edir. 2016-cı ildə bu layihə üzrə həyata keçirilən ən mühüm tədbirlərdən biri fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasının keçirilməsi oldu. Məşvərət Şurası çərçivəsində keçirilən bu cür iclaslar layihənin həm siyasi müzakirəsi, həm də tranzit ölkələrdə onun reallaşdırılması zamanı yaranan problemlərin nəzərdən keçirilməsi və müvafiq həll yollarının birgə axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının ikinci iclasında ən yüksək səviyyədə iştirakı da bunu təsdiqləyir. Bu format çərçivəsində müzakirələrdə səslənən fikirlər bu dəhliz vasitəsilə tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm yer alacağını göstərir. Fransa, İspaniya, İtaliya, Yunanıstan, Bolqarıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük marağı da bunu təsdiqləyir.

Əminliklə deyə bilərik ki, “Cənub Qaz Dəhlizi” və Xəzər regionunun Avropa İttifaqının əsas prioritetləri sırasında olması açıq-aşkardır. Eyni zamanda, TAP layihəsi Avropa komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyasısına daxil edilib. Dövlət başçısı cənab İlham Əliyevin davamlı siyasi iradəsi sayəsində Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsi beynəlxalq gücün lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinliklər aradan qaldırılıb. “Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi” kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Bu tarixi layihədən Azərbaycanın çox böyük mənfəət əldə edəcəyini vurğulayan cənab İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi”ni qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır.

 

Şükür ƏLİZADƏ,

“Respublika”.

 

 

 

Read 37 times