XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:22

Rəşt-Astara dəmir yolunun çəkilişinə bu il başlanılacaq

Rəşt-Astara dəmir yolunun çəkilişinə bu il başlanılacaq. Bu yol Azərbaycan ilə İranın dəmir yollarını birləşdirməklə yanaşı, hər iki dövlətin idxal və ixrac əməliyyatlarını və ticarət dövriyyəsini artıracaq.

Bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi deyib. Astara dəmir yolu xəttinə baxış keçirdiyi zaman açıqlama verən nazir müavini bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi qısa zamanda yekunlaşacaq. İşlərin 90 faizindən çoxu görülüb, tunellər və körpülər tam hazır vəziyyətdədir. Bu yolun Rəşt-Astara hissəsinin tikintisinə isə cari ildə başlanılacaq.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Azərbaycanın Astara şəhərini birləşdirəcək. Bu dəhlizlə nəinki İran, eləcə də Hindistan, Çin və Fars körfəzi ölkələri Avropa ilə idxal və ixrac əməliyyatları aparacaqlar. Azərbaycan ərazisindən keçən dəhliz daha səmərəli və iqtisadi baxımdan əlverişlidir. 

AZƏRTAC

Read 18 times