XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:21

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı geniş vüsət alır

Dövlətimizin başçısı vurğulayıb ki, idmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir

Son illər Azərbaycan həm regionda, həm də dünyada çox böyük nüfuz qazanmış, iqtisadi cəhətdən sürətlə inkişaf edən dövlətlər sırasına daxil olmuşdur. Ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafında da mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, müstəqil respublikamız istər infrastrukturun yaradılması, istərsə də dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında qazanılan nəticələrə görə dünyanın qabaqcıl idman ölkələri sırasında layiqli yerini tutmaqdadır. Bunu 1996-cı ildə Atlantada başlanan (1 bürünc), daha sonra 2000-ci ildə Sidneydə (3 medal), 2004-cü ildə Afinada (5 medal), 2008-ci ildə Pekində (7 medal), 2012-ci ildə Londonda (10 medal), 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında (56 medal) və nəhayət, 2016-cı ildə Rio-de Janeyroda (18 medal) keçirilən Yay Olimpiya Oyunları bir daha sübut edir.

 

Ümumiyyətlə, Azərbaycan 20 ildir ki, dünya Olimpiya hərəkatında fəal iştirak edir. Ölkəmiz “Atlanta-1996”dan başlayaraq Olimpiya yarışlarına daim artan heyətlə qatılır. Eyni zamanda əldə olunan göstəricilər onu sübut edir ki, qələbə rekordları oyunlardan-oyunlara təzələnmişdir. Məsələn, 1996-cı ildə Atlantada bir medal əldə olunmuşdursa, 20 il sonra 2016-cı ildə Braziliyada bu rəqəm 18-ə yüksəlmişdir.

Azərbaycanda idmanın inkişaf səviyyəsini göstərən faktorlardan biri də 2015-ci ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarıdır. Bu Oyunlarda çox gərgin mübarizədə 50 Avropa ölkəsi arasında Rusiya Federasiyasından sonra ikinci yeri tutmaq, əlbəttə, böyük qələbədir. Böyüklər, gənclər və yeniyetmələr arasında keçirilən bütün beynəlxalq idman tədbirlərində Azərbaycan ləyaqətlə təmsil olunur. İdmançılarımız bu yarışlarda yüzlərlə medal qazanırlar. Hər bir qələbədə Azərbaycan bayrağı dalğalanır. Bildiyimiz kimi, müstəqilliyimizin yenidən bərpasının 25 ili tamam olub. Müstəqillik dövründə doğulan, yetişən idmançılarımız Azərbaycanın şöhrətini yüksəklərə qaldırır. Bununla yanaşı, həm də təcrübəli idmançıları əvəz edən gənclər də yetişir. Çünki paytaxt və iri şəhərlərlə yanaşı, bütün bölgələrdə Olimpiya İdman Kompleksləri, idman qurğuları və meydançalar fəaliyyət göstərir. Bu idman bazalarına uşaqlar və yeniyetmələr həvəslə gedirlər. Artıq regionlarda 40-dan çox Olimpiya İdman kompleksləri vardır.

Əvvəllərdə olduğu kimi, 2016-cı il də ölkəmizin idman tarixində xüsusi yer tutur. Bu barədə ötən il dekabrın 23-də Milli Olimpiya Komitəsində keçirilən mərasimdə ərtaflı söhbət açılıb. Qeyd edək ki, MOK-da idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də iştirak edib. Tədbirdə nitq söyləyən dövlətimizin başçısı deyib: “Bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək, görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək”.

Məlum olduğu kimi, hər ilin sonunda Milli Olimpiya Komitəsində ənənəvi olaraq idmançılarla görüş keçirilir. Bu tədbirdə ilə yekun vurulmaqla yanaşı, həm də idmançılar və idman mütəxəssisləri mükafatlandırılır. Tədbirdə millimizin Rio Yay Olimpiya Oyunlarında parlaq qələbə qazanması xüsusi vurğulanıb. Qeyd edək ki, Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız 1-i qızıl, 7-i gümüş və 10-u bürünc olmaqla, 18 medal əldə edərək Vətənə rekord nəticə ilə qayıdıblar. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edib. Azərbaycan 18 medalla Avropa ölkələri arasında 7-ci, dünya miqyasında medalların sayına görə 14-cü, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdə qərarlaşmışdır. Paralimpiyaçılarımız isə 11 medal qazanmışlar.

Azərbaycanın idman dövləti kimi tanınmasında ötən il Bakıda keçirilmiş “Formula-1” Avropa Qran-pri yarışması xüsusi yer tutur. Belə bir yarışın keçirilməsi hər bir ölkəyə nəsib olmur. Ancaq bu yarışın Azərbaycanda uğurla keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Bir faktı qeyd edək ki, 500 milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar. Bununla da paytaxtımızın gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görməklə ölkəmizə daha çox turist cəlb olunmasına stimul yaranmışdır.

Digər bir tədbir – 2016-cı ilin sentyabr ayında Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadası da ölkəmizin idman imicinə müsbət təsir göstərmişdir. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparmışdır. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu yarışda 3 kişi və 3 qadın komandası ilə təmsil olunmuşdur.

ümumilikdə, yola saldığımız 2016-cı ildə idmançılarımızın uğurları sevindiricidir. Belə ki, ötən il idmançılarımız mötəbər beynəlxalq yarışlarda 837 medala sahib olublar ki, bunun da 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. Gənclər və İdman Nazirliyindən verilən məlumatda bildirilir ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Ötən il ərzində ölkəmizdə 203 respublika, 52 beynəlxalq yarış keçirilib. Həmçinin yığma komandalarımız 198 beynəlxalq yarışda mübarizə aparıb. İdmanın müxtəlif növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplantısında iştirak edib.

Ötən il idmanın müxtəlif növlərində yüksək nəticələr qazanan idmançılar və mütəxəssislər mükafatlandırılıb. “Rio-2016” Yay Olimpiya Oyunlarında parlaq qələbələrə görə 2 nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Həmçinin 18 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb. XV Yay Paralimpiya Oyunlarının nəticələrinə görə, 2 nəfər “Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, doqquz nəfər “Tərəqqi” medalı, bir nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.

Eyni zamanda 2016-cı ildə idmanın müxtəlif növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. Altı nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya alıb. Otuz beş nəfərə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 49 nəfərə “Əməkdar məşqçi”, 23 nəfərə “Əməkdar İdman Ustası”, 10 nəfərə “Respublika dərəcəli hakim” fəxri adları verilib. Bundan başqa, 156 nəfər idman ustası normasını yerinə yetirib.

2017-ci il də Azərbaycanın idman tarixində yadda qalacaq. Belə ki, cari ilin iyun ayında Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Oyunların başlanmasına cəmi 6 ay vaxt qalsa da, hazırlıq işləri plana uyğun şəkildə aparılır. Çünki bu möhtəşəm tədbirin keçirilməsinə 2015-ci ildə ilk Avropa Oyunları zamanı möhkəm zəmin yaradılmışdır. Oyunların açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda baş tutacaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsində 2016-cı ilin yekunları ilə bağlı keçirilən tədbirdəki nitqində IV İslam Həmrəyliyi Oyunları barədə deyib: “Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var və oyunların başlamasına təqribən 6 ay vaxt qalıb. Demək olar ki, bütün əsas hazırlıq işləri görülübdür”.

 

Ramiz YUSİFLİ,

“Respublika”.

 

 

 

Read 18 times