XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:19

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib

Yanvarın 7-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi

4. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.

 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

2016-cı ildə ölkəmiz dövlət müstəqilliyinin 25 illik yubileyini təntənə ilə qeyd etdi. Zaman baxımından qısa müddətdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişafa, tərəqqiyə çatıb və buna görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Məhz Ulu Öndərimizin fədakarlığı sayəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Ulu Öndərimizin siyasi xəttinə sadiqlik, ölkə Prezidentinin göstərdiyi böyük diqqət və qayğı sayəsində Naxçıvan Muxtar Respublikası 2016-cı ili də müsbət nəticələrlə başa vurdu. Muxtar respublikada görülən işlərin əsasını insanların rahat yaşayışının və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqi və inkişaf tempinin qorunub saxlanılması təşkil edir. 2016-cı ilin muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu məqsədə çatmaqda əhəmiyyətli rol oynamış, görülən işə görə məsuliyyət hissi daha da artmışdır.

Mövcud maddi və iqtisadi resurslardan səmərəli istifadə edilərək çoxşaxəli iqtisadiyyat formalaşdırılmış, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində sosial-iqtisadi sahədə inkişaf təmin edilmişdir. 2016-cı ildə inkişafın əsas göstəricisi kimi ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 2 milyard 500 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 771 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 60 faizə qədərinin real sektorun payına düşməsi dayanıqlı inkişafın təmin olunmasına öz təsirini göstərmişdir.

İqtisadi dayaqların möhkəmlənməsində investisiya fəallığının gücləndirilməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada islahatların həyata keçirilməsi ilə yanaşı biznes və investisiya mühitinin yaxşılaşdırılmasına da diqqət artırılmışdır. Ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş 33 hüquqi və 2173 fiziki şəxsin dövlət qeydiyyatına alınması təmin edilmiş, bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 17 milyon manatdan çox kredit verilmişdir. Bunların nəticəsi olaraq 2016-cı ildə daha 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 87 faizi ötmüşdür. Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etmək və onların ixrac potensialını artırmaq məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

Sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına da öz təsirini göstərmişdir. Bununla yanaşı, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası da nəticəsiz qalmamış, 2 min 818 yeni iş yeri açılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir.

2016-cı ildə sənaye sektoruna xüsusi diqqət yetirilmişdir. Mövcud müəssisələrin fəaliyyətinin bərpası və ya yenidən qurulması, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni müəssisələrin yaradılması sənayenin inkişafına, onun ümumi daxili məhsulda 28 faizlik payla ilk yeri tutmasına səbəb olmuşdur. 2015-ci illə müqayisədə sənaye məhsulunun həcmi artaraq 942 milyon manatı ötmüşdür.

Muxtar respublika əhalisinin böyük əksəriyyətinin kənddə yaşaması kənd təsərrüfatının daim diqqət mərkəzində saxlanılmasını şərtləndirir. Aydındır ki, kənd təsərrüfatının inkişafı bilavasitə torpaqla bağlıdır. Ona görə də bu sahədə mütərəqqi və intensiv metodların tətbiqinə üstünlük verilmiş, əl əməyinin yüngülləşdirilməsi, əkinçilikdə və heyvandarlıqda məhsuldar sortlardan istifadə olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya daha 66 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilmiş, lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilmişdir. Bundan əlavə, məhsul istehsalçılarına 4 min 923 tondan çox mineral gübrə verilmişdir.

Müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması su itkisini aradan qaldırmış, yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb olunmuşdur. Belə ki, Babək rayonunda yeni nasos stansiyasının, həmin rayonun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasını təmin edən suvarma şəbəkəsinin, Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar sahənin su təminatını yaxşılaşdırmağa imkan verən suvarma boru xəttinin, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərində 117 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır.

Qeyd olunanlarla yanaşı, əkinçiliklə məşğul olan mülkiyyətçilərə subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi hesabına 2016-cı ilin məhsulu üçün 61 min 526 hektar sahədə əkin aparılmışdır. 2016-cı ildə də bitkiçilik məhsulları içərisində taxılçılıq öz üstün mövqeyini qoruyub saxlamışdır. 31 min 579 hektar taxıl əkini sahəsindən 94 min 117 ton məhsul yığılmışdır. Bununla birlikdə kartofçuluğun inkişafı da diqqətdə saxlanmış, əkin keçirilmiş 3 min 53 hektar kartof sahəsindən 46 min 400 tondan çox məhsul tədarük olunmuşdur.

Ötən il qarğıdalı əkininə də maraq xeyli artmış, 1758 hektarda əkin həyata keçirilmişdir ki, bu da 2015-ci illə müqayisədə 63 faiz çoxdur. Məhsulun vaxtında toplanılmasını təmin etmək üçün yeni texnikalar alınaraq muxtar respublikaya gətirilmiş, əkin sahələrindən 10 min 500 tona yaxın məhsul yığılmışdır ki, bu da 2015-ci illə müqayisədə 2,3 dəfə çoxdur.

Muxtar respublikada ekoloji cəhətdən təmiz meyvə-tərəvəz məhsulları yetişdirilir. 2016-cı il fevralın 8-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin etmiş, tələbatdan artıq mövsümi məhsulların isə ixracına imkan yaratmışdır. 2016-cı ildə əkin sahələrindən 83 min tondan çox tərəvəz, meyvə bağlarından isə 52 min tona yaxın məhsul götürülmüşdür.

Meyvə-tərəvəz məhsullarına olan tələbatın ödənilməsində soyuducu anbarların yaradılması və istixana komplekslərinin istifadəyə verilməsi də öz müsbət təsirini göstərmişdir. 2016-cı ildə daha 4 soyuducu anbar yaradılmış, istismar olunan anbarların sayı 29-a, ümumi tutumu isə 13 min 280 tona çatdırılmışdır. Hazırda muxtar respublikada ümumi sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi fəaliyyət göstərir.

Heyvandarlığın inkişafı üçün də tədbirlər davam etdirilmiş, 6 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Heyvandarlıqda məhsuldarlığı artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə süni mayalandırma tədbirləri diqqət mərkəzində saxlanılmış, 3584 cins bala alınmışdır. Ümumilikdə 2016-cı ildə bank və kredit təşkilatları tərəfindən heyvandarlığın inkişafına 8 milyon 27 min manat kredit verilmişdir. 

Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı xüsusiyyətlərə malik təsərrüfat sahəsi kimi həmişə diqqət mərkəzindədir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası, mövcud təsərrüfatçılıq ənənələri arıçılığın inkişafı üçün geniş imkanlar yaratmışdır. Naxçıvan şəhərində “Arıçılıq məhsulları və bal” festivalının keçirilməsi, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması muxtar respublikada bu sahənin inkişafını və imkanlarını daha da artıracaqdır.

Bütövlükdə kənd təsərrüfatının inkişafı üzrə göstəricilər artmış, 429 milyon 448 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci illə müqayisədə 6 faiz çoxdur.

Ötən il ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması istiqamətində fəaliyyət də uğurla davam etdirilib. Meşə fondunun bərpası, yeni yaşıllıq zolaqlarının salınması tədbirləri çərçivəsində 546 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 452 minə yaxın ağac və bəzək kolları əkilmişdir.

Dinamik inkişafın təmin olunmasında investisiya qoyuluşlarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. 2016-cı ildə muxtar respublika üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2015-ci ilə nisbətən 5 faiz artaraq 997 milyon manatdan çox olmuşdur. İnvestisiya qoyuluşlarının 921 milyon manatından və ya 92 faizindən bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunması əhalinin mənzil şəraitinin yaxşılaşmasına, abadlaşdırma-bərpa işlərinin genişləndirilməsinə, kənd yerlərində infrastrukturun yenilənməsinə şərait yaratmış, 13 kənd və 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri davamlı xarakter almış, 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilmiş, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Gənc ailələrin mənzillə təmin olunmasına kömək məqsədilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və fondun xətti ilə 951 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.

Əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilmiş, Naxçıvan şəhərinin Tumbul, Bulqan, Qaraçuq və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi, Culfa rayonunun Gülüstan kəndində içməli su sistemi istifadəyə verilmişdir. Bundan başqa, Şahbuz və Culfa şəhərlərində, onlara bitişik ətraf kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.

Artan tələbata uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorundan səmərəli istifadə tədbirləri davam etdirilmişdir. 2016-cı ildə muxtar respublika üzrə 62 kilometrlik yeni asfalt yollar salınmış, 5 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi başa çatdırılmışdır. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə Naxçıvan şəhərində avtomobil və ehtiyat hissələrinin satış mərkəzi və yeraltı qaraj tikilmişdir. Hava nəqliyyatında infrastrukturun yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi tədbirləri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının daha bir terminalı istifadəyə verilmişdir. Yenidənqurma tədbirlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə imkanları saatda 600 sərnişinə çatdırılmışdır.

Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir. 2016-cı ildə Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi əhalinin elektron xidmətlərə çıxışını, sürətli internetdən istifadə imkanlarını yaxşılaşdırmış, vaxt itkisinin və əlavə xərclərin qarşısını almışdır. Bundan başqa Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmişdir.

Enerji təhlükəsizliyinin təmin olunması bu gün müasir dünyanın ən aktual məsələlərindəndir. Blokada şəraitində yaşayan muxtar respublikada son illər istifadəyə verilən yeni elektrik stansiyaları nəinki daxili tələbatı ödəyib, hətta elektrik enerjisinin ixracı üçün də geniş imkanlar yaradıb. Bununla bərabər, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə də diqqət artırılıb. İstismara verilən Günəş Elektrik Stansiyasının gücünün artırılması ilə bağlı tədbirlər davam etdirilir.

Son illər muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafı yerli istehsal məhsullarının xarici bazarlara çıxış imkanlarını xeyli yaxşılaşdırmış, xarici ticarət əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. 2016-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 457 milyon 421 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 92 faizi ixracın, 8 faizi idxalın payına düşmüşdür. 2015-ci illə müqayisədə ixracın həcmi artmış, idxalın həcmi isə 61 faizədək azalmışdır. Bu isə yerli istehsalın inkişafının, daxili bazarın xarici məhsullardan asılılığının azalması deməkdir.

Müasir iqtisadi şəraitdə elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 2016-cı il martın 2-də təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında elektron ödəniş xidmətlərinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulan tədbirlərin icrası maliyyə vəsaitləri dövriyyəsinin sürətlənməsinə, nağd ödənişlərin azalmasına yeni imkanlar açıb. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi dövriyyədəki nağd pul kütləsinin həcminin azalmasına səbəb olmuş, məxaricdə emissiyanın xüsusi çəkisi 41 faizdən 36 faizə enmişdir.

İqtisadi inkişafla yanaşı sosial inkişaf da diqqət mərkəzində saxlanıb. Bu gün muxtar respublikada təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hər bir kənddə, yaşayış məntəqəsində yeni məktəb binaları tikilir, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Yeniyetmə və gənclərin təhsili üçün yaradılan imkanlar mühüm strateji məqsədə xidmət edir. Belə ki, təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirmək mümkün deyil. Məhz bu səbəbdən bu gün nəinki Naxçıvan şəhərində, hətta ən ucqar dağ və sərhəd kəndlərində də müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmuş məktəb binaları tikilib istifadəyə verilir. Bu tədbirlərin davamı olaraq 2016-cı ildə Şərur rayonunun Oğlanqala kəndində 576, Arbatan kəndində 234, Babək rayonunun Yarımca kəndində 342, Məzrə kəndində 270, Xəlilli kəndində 144, Ordubad rayonunun Baş Dizə kəndində 156, Culfa rayonunun Saltaq kəndində 306, Xanəgah kəndində 198, Gülüstan kəndində 156, Kəngərli rayonunun Şahtaxtı kəndində 594, Yurdçu kəndində 270, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik olmaqla, ümumilikdə, 3414 şagird yerlik 12 məktəb binası istifadəyə verilmişdir. Bundan başqa, 380 şagird yerlik Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin, Naxçıvan Dövlət Texniki Kollecinin və Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin binaları da yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli tam orta məktəbdə yenidənqurma işləri başa çatdırılmışdır.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təmin edilməsi sahəsində də müvafiq tədbirlər görülür. 2016-cı il yanvarın 11-də təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir.

Təhsilə göstərilən qayğı, yaradılan şərait bəhrəsiz qalmır. Hər il ali məktəblərə sənəd verən abituriyentlərin yüksək nəticə göstərmələri qeyd olunanların əyani sübutudur. Belə ki, 2016-cı ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1737-si ali məktəblərin, 567-si isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olunan məzunlardan 338-i imtahanlarda 500-dən çox bal toplamışdır. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 4-ü ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Zəruri elmi infrastrukturun formalaşdırılması, elmi kadrların hazırlanması tədbirləri də diqqətdən kənarda qalmamışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazasının gücləndirilməsi tədbirlərinin davamı olaraq Seysmoloji Xidmət Mərkəzində ən müasir proqram təminatlı seysmoloji avadanlıqların quraşdırılması seysmoloji aktivliyə tam nəzarət imkanı yaratmışdır.

2016-cı il Naxçıvan tarixinin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı tədbirlərlə əhəmiyyətli olub. İlin əvvəlində üç cildlik “Naxçıvan tarixi” kitabının təqdimatı keçirilmişdir. Bundan başqa muxtar respublikanın tarixi ilə bağlı ölkə arxivlərindən yeni sənədlər gətirilərək Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir.

Qədim tariximizi özündə yaşadan abidələrin bərpası da mühüm əhəmiyyət daşıyır. 2016-cı ildə xalqımızın mübarizlik və vətənpərvərlik əzminin simvoluna çevrilən Əlincəqalada bərpa işləri başa çatdırılmış, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. Memarlığın nadir incilərindən sayılan Gülüstan türbəsinin bərpası başa çatdırılmış, Şərur rayonunun Xanlıqlar kəndindəki “İmamzadə” dini-tarixi abidəsində yenidənqurma işləri aparılmış, Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilmişdir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın keçirilməsi isə tariximizin öyrənilməsi və təbliği işinə çox mühüm töhfə olmuşdur.

Eyni zamanda böyük ziyalı, yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş, görkəmli rəssam Bəhruz Kəngərlinin adını daşıyan Rəssamlar Parkı istifadəyə verilmiş, parkda böyük sənətkarın abidəsi ucaldılmışdır.

Cəmiyyətin iqtisadi və mədəni tərəqqisinin, xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın göstəricisi kimi turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvanın qədim tarixi və müasir inkişafı, zəngin təbii ehtiyatları, unikal müalicə məkanları, mövcud turizm infrastrukturu turistlərin sayının ildən-ilə artmasına səbəb olub. Əvvəlki illə müqayisədə 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı artaraq 403 mini keçmişdir.

Əhali sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illər səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib. 2016-cı il də bu baxımdan istisna təşkil etməmiş, Şərur rayonunun Oğlanqala, Babək rayonunun Yarımca, Culfa rayonunun Saltaq və Xanəgah kəndlərində həkim ambulatoriyaları, Naxçıvan şəhərinin Bulqan, Şərur rayonunun Arbatan, Babək rayonunun Xəlilli, Məzrə və Hacıvar, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Daylaqlı və Kiçikoba, Kəngərli rayonunun Yurdçu kəndlərində feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilmişdir.

Gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində, asudə vaxtının səmərəli təşkilində bədən tərbiyəsi və idman mühüm rol oynayır. Muxtar respublikada idman infrastrukturunun yenilənməsi tədbirləri çərçivəsində 2016-cı ildə Şərur rayonunun Mahmudkənd, Aşağı Yaycı və Arbatan, Culfa rayonunun Bənəniyar kəndlərində stadionlar yenidən qurularaq gənclərin istifadəsinə verilmişdir. Yaradılmış şərait nəticəsində muxtar respublikamızda müxtəlif beynəlxalq və ölkə səviyyəli idman yarışları keçirilmiş, idmançılarımız nüfuzlu yarışların mükafatçıları sırasına düşmüşdür.

Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də tədbirlər görülüb. Belə ki, Naxçıvan televiziyası internet üzərindən canlı yayıma başlamış, yeni çap avadanlıqları alınaraq “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində quraşdırılmışdır.

Muxtar respublikada ərzaq, enerji və informasiya təhlükəsizliyi ilə yanaşı, müdafiə sahəsində təhlükəsizlik məsələləri də diqqətdə olmuşdur. Silahlı qüvvələrimizin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri 2016-cı ildə də davam etdirilmişdir.

Göstərilən qayğı təkcə ordu quruculuğu ilə məhdudlaşmamış, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ailə üzvlərinin və öz sağlamlıqlarını itirmiş şəxslərin sosial müdafiəsi üçün də müəyyən tədbirlər görülmüş, 4 şəhid ailəsinə və sağlamlıq imkanı məhdud 7 Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzil, 2 nəfərə isə minik avtomobili verilmişdir. 

Bu gün qeyd etmək xoşdur ki, gənc nəslin hərb sənətinə marağı getdikcə artır. 2016-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə 191 şagird qəbul olunmuş, liseyin məzunlarından 199-u müxtəlif ali hərbi məktəblərin, ümumtəhsil məktəblərinin məzunlarından isə 63-ü xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbəsi adını qazanmışdır.

Hüquq-mühafizə orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon İdarəsinin inzibati binası yenidən qurulmuş, Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanma Mərkəzi fəaliyyətə başlamışdır.

İqtisadi sahədə əldə olunan nailiyyətlərin, əhali arasında hüquq maarifinin, profilaktik tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, muxtar respublikada cinayətkarlıq üzrə göstəricilər aşağı səviyyədədir.

Yeni iş yerlərinin yaradılması, əhali gəlirlərinin həcminin artması məskunlaşmaya və demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, əhalinin sayı 2015-ci illə müqayisədə artaraq 448 min nəfərdən çox olmuşdur.

Sosial-iqtisadi inkişafa töhfəsini verənlərin əməyi həmişə olduğu kimi, 2016-cı ildə də yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 63 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 2 nəfərə ali hərbi rütbə verilmiş, 1 nəfər Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna, 1 nəfər Prezident təqaüdünə, 9 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 12 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmiş, 1 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 15 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.

Bütün bu işlərin həyata keçirilməsində, muxtar respublikamızın inkişafında əməyi olanlara, sabitliyin, əmin-amanlığın və sərhədlərin qorunmasını təmin edənlərə təşəkkür edirəm!

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Muxtar respublikada 2016-cı il müsbət nəticələrlə yekunlaşır. Biz bu nəticələri daha da artırmalı, ümummilli Liderimizin yolu ilə gedərək muxtar respublikamızın, doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verməliyik.

Sağ olun!

***

Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov çıxış ediblər.

“Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış ediblər.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi” təsdiq olunub.

Sonra “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Sessiyanın gündəliyində duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ülkər Bayramovanın hesabatı dinlənilib və bununla əlaqədar qərar layihəsi qəbul edilib.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq 2016-cı ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini yeni ilin başlanması münasibəti ilə təbrik edib və 2017-ci ildə uğurlar arzulayıb.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası öz işini başa çatdırıb.

AZƏRTAC

Read 27 times