XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:17

Onlar Vətənin ərazi bütövlüyünü qoruyacaqlar

... Səhər tezdən olsa da, paytaxtın dənizkənarı parkında, mavi Xəzərin nəğməli sahillərində coşqunluq, bayram təntənəsi duyulur, hiss olunurdu ki, Səbail rayonundan hərbi xidmətə yola salınacaq gənclər həyatlarının ən gözəl anlarını yaşayır, qüdrətli Azərbaycan ordusunda xidmət edəcəklərindən qürur duyurlar.

Dövlət Bayrağı Meydanını əmək və müharibə veteranları, valideynlər, gənclər üzük qaşı kimi dövrəyə almışdılar. Buradakı növ-növ gül-çiçək kolları, dünyanın müxtəlif ölkələrindən gətirilən ağaclar hamıda xoş ovqat yaradırdı. Əsgəri xidmətə yola düşən gənclərlə xatirə şəkilləri çəkdirənlərin ardı-arası kəsilmirdi.

Çox keçmir ki, milli musiqimizin sədaları altında tədbirə qatılan çoxsaylı insanlar Qurban Abbasov küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə üz tuturlar.

İdarənin həyətində gəncləri hərbi vətənpərvərlik tərbiyəsinə səsləyən müxtəlif plakat və şüarlar diqqəti cəlb edir, sabahın əsgərlərinə tövsiyə olunurdu ki, onlar xidmət dövründə Vətənin ərazi bütövlüyünü şərəflə qorumalı, ataların şanlı döyüş ənənələrinə sadiqlik nümayiş etdirilməlidir.

Gənclərin hərbi xidmətə yolasalınma mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov ilk öncə tədbirə qatılan insanları salamladı və ürək sözlərini onlarla bölüşərək dedi:

- Azərbaycan xalqı öz ordusunu sevir, ona arxalanır, ona güvənir, onun gücünə inanır. Fəxr edirik ki, bu gün bizim güclü dövlətimiz, güclü ordumuz vardır. Bu ordunun gücü isə mənsub olduğu güclü texnikaların: təyyarələrin, gəmilərin, tankların, artilleriya qurğularının, hava hücumundan müdafiə komplekslərinin çoxluğu, müasirliyi, effektivliyi ilə yanaşı, həm də şəxsi heyətin peşəkarlığında, vətənpərvərliyində, mənəvi-psixoloji, siyasi, fiziki hazırlığının yüksəkliyindədir.

Ordumuzun gücü həm də xalq ilə onun monolit birliyində, hər bir döyüşçünün ruh yüksəkliyindədir. Bu gün xalqımızın və dövlətimizin yalnız bir şüarı vardır: “Hər şey ordu üçün, hər şey qələbə üçün!”

Vaxtilə ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Hər bir gənc, hər bir ata-ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona ən əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir. Vətəni müdafiə etməyə hazır olmaqdır, döyüş qabiliyyəti əldə etməkdir”.

Son illərdə ordu quruculuğu ilə bağlı strateji xətt Azərbaycanda prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzindədir. Güclü iqtisadi potensial və güclü ordu Azərbaycanın bölgədə lider ölkə olmasını şərtləndirən əsas amillərdəndir.

Biz hərbi gücümüzü artırmalıyıq və artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır. Biz bunu 2016-cı ilin aprel döyüşlərində bir daha şahidi olduq. Erməni işğalçıları qüdrətli, peşəkar Azərbaycan ordusunun gücü qarşısında aciz qaldı. “Lələtəpə” yüksəkliyi və digər ərazilərimiz çox qısa zamanda daşnak quldurlarından azad olundu.

Polad İbrahimov son olaraq vurğuladı ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan ordusu hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır!

Gənclərin həqiqi hərbi xidmətə yolasalınma mərasimində Taleh Əşrəfov valideynlər adından çıxış edərək qürurla bildirdi ki, Azərbaycanda ordu quruculuğu prosesi sürətlə və çox uğurla gedir. Azərbaycanda nizami ordunun yaradılması prosesi ölkəmizə böyük faydalar gətirir. Ölkəmiz hərbi potensialını gücləndirir, inanırıq ki, bu proses gələcəkdə daha da sürətlə gedəcəkdir. Son illlər ərzində orduda maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür.

Mərasimdə çıxış edən Rüfət İsmayılov əminliklə bildirdi ki, xidmət dövründə onlar Vətənin ərazi bütövlüyünü şərəflə qoruyub saxlayacaq, hərbi texnikanın sirlərini mükəmməl öyrənəcək, yeri düşərsə düşmənə sarsıdıcı zərbə endirəcəklər.

Vaxt gəlib çatır. Meydan yenidən musiqiyə verilir. Gənclərdən Beyrək Məmmədov, Seymur Muradzadə, Cavid Əşrəfli və başqaları mərasim iştirakçılarının xeyir-duası ilə ordu sıralarına yola düşürlər...

Qədir ASLAN,

“Respublika”.

 

 

 

Read 21 times