XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:17

ADU-da İctimai Nəzarət Şurası yaradılıb

Azərbaycan Dillər Universitetinin(ADU) Elmi Şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Qeyd edək ki, ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertlər təmsil olunur.

Bu günlərdə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüş keçirib. Görüş zamanı təşkilati məsələlərə baxılıb.

Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun bütün kurslarında təhsil alan tələbələrlə, həmçinin professor-müəllim heyəti ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev bu görüşlərin qarşılıqlı müzakirə şəraitində keçdiyini, bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.

Ə.Abdullayev bildirib ki, İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün universitetin əsas binasında xüsusi otaq ayrılıb. O, Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şərait yaradılacağını vurğulayıb.

İctimai Nəzarət Şurasının yaradılmasını yüksək qiymətləndirən Ə.Abdullayev universitetdə ədalətlilik prinsipinin qorunacağını vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli nəticələr əldə olunacağına əminliyini bildirib.

Görüş zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində “qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.

ADU-nun İnformasiya

Departamenti

 

 

 

Read 23 times