XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:16

Ürək doğma Vətənlə döyünəndə

O, İngiltərənin hüquq sistemində vəkillik pilləsinə yüksələn ilk azərbaycanlıdır

 

Dürdanə Namiq qızı Kamranova 1992-cı ildə Bakı şəhərində diplomat ailəsində anadan olub və 2 yaşından Londonda yaşayır. 2015-ci ildə Russell Qrupa (prestij hesab olunan kolleclər qrupu) daxil olan London Universitetinin Queen Mary Kollecinin Hüquq Fakültəsini 1-ci dərəcə diplomu ilə bitirdikdən sonra, Londonun BPP Hüquq Məktəbi ona Vəkillik kursunda təhsil alması üçün yer ayırmış və 2016-cı ildə bu kursu da böyük müvəffəqiyyətlə başa vurmuşdur. 29 noyabr 2016-ci il tarixində Dürdanə, əsası 1422-ci ildə qoyulan fəxri Lincoln’s İnn Vəkillər Kollegiyası tərəfindən təşkil olunan təqdimat mərasiminə dəvət edilərək ona Vəkillik (Barrister) diplomu təqdim edilmiş və Lincoln’s İnn Vəkillər Kollegiyasının Vəkili (Barristesi) elan olunmuşdur. Bu barədə məlumat Londonun mərkəzi qəzeti olan, “The Daily Telegraph” qəzetində ötən ilin 12 dekabrında nəşr olunmuşdur. İngiltərənin Hüquq sistemi tarixində Dürdanə Kamranova ilk azərbaycanlıdır ki, vəkillik pilləsinə yuksəlmişdir. Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 4 fəxri Vəkillər Kollegiyası—Lincoln’s İnn, Middle Temple,  Gray’s İnn,  İnner Temple fəaliyyət göstərir.

Bunların içərisində ən qədim tarixə malik olan Lincoln’s İnn-dir. Onun 600 illik yaşı var. Dürdanə üçün böyük fəxrdir ki, o belə bir qədim tarixə malik olan vəkillər Kollegiyasının ilk azərbaycanlı vəkil üzvü elan olunmuşdur. Dürdanənin fəaliyyəti təkcə bununla bitmir. İngiltərədə fəaliyyət göstərən diaspor cəmiyyətləri ilə əlaqə saxlayır,  onların keçirdiyi tədbirlərə qatılır. Azərbaycandan uzaqda yaşasa da, onun ürəyi həmişə doğma Vətəni ilə döyünür. Azərbaycanın milli-adət ənənələrini nəinki unutmur, hətta onun təbliğinə də vaxt tapır. Dürdanə və ailəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü hər il olduğu kimi, bu il də Londonda yaşayan azərbaycanlılarla, diaspor üzvləri ilə birlikdə qarşılamışlar. Elə gün olmaz ki, o, doğma Azərbaycanından xəbərsiz olsun. Söhbət zamanı Dürdanə xanım deyir: “Ümummilli liderimiz, dünya şöhrətli siyasətçi, Müstəqil Azərbaycan Dövlətinin banisi Heydər Əliyevin “Azərbaycan mənim döyünən ürəyim, nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Hər bir vətəndaşı Azərbaycan haqqında səmimi fikirlər söyləyə bilər. Lakin mənim ürəyim hər bir zaman Vətənim Azərbaycanla döyünüb, qəlbimdəki hisslər məhz Azərbaycanla bağlı olub” sözləri sanki mənim üçün bir həyat amalıdır. İndi biz harada yaşamağımızdan asılı olmayaraq, doğma Azərbaycanımızla fəxr edir, qürur duyuruq! Dürdanə Kamranova daha sonra deyir: “Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər gördü, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürdü. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən ulu öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının liderinə çevrildi. Dahi öndər Heydər Əliyev dünya azərbaycanlılarının ilk növbədə, öz milli kimliklərini dərk və hifz etməyi, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmağı, inkişaf etdirməyi qarşısında duran vəzifə kimi dəqiq və aydın müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirir, onların problem və qayğıları ilə yaxından maraqlanaraq, tövsiyələrini verirdi: “Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqillik və dövlətçilik amalları, doğma respublikamızın qayğıları, probleməri ilə yaşamalı, vətən qarşısında övladlıq borcunu dərk etməlidir. Bütün azərbaycanlılara, bu və ya digər tellərlə ölkəmizlə bağlı olan hər bir şəxsə azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, dilimizə, mədəniyyətimizə, mədəni irsimizə və dövlət rəmzlərimizə məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir”, - deyirdi ulu öndər.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi, məhz ümummilli lider Heydər Əliyevdir. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir. Onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Prezident İlham Əliyev hər zaman bildirir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini və tarixini lazımi səviyyədə təbliğ edirlər.

Dürdanə Kamranova vəkillik peşəsini sevməklə yanaşı, bundan sonra da Azərbaycanı hansı ölkədə olmasından asılı olmayaraq, fəal təbliğ edəcəyini bildirir. Biz də Dürdanə Kamranovaya uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Xaqani KOSAYEV,

“Respublika”.

 

 

 

Read 50 times