XƏBƏR LENTİ

Şənbə, 07 Yanvar 2017 11:00

Düşünülmüş siyasət qlobal böhran şəraitində iqtisadi dayanıqlığı və çoxşaxəli inkişafı təmin edir

Dövlət başçısı deyib ki, son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır il olduğuna baxmayaraq, nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik

 

Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının üçüncü ili uğurla başa çatır. Dünyada səngiməyən iqtisadi, siyasi, sosial, humanitar böhran şəraitində iqtisadi dayanıqlıq qorunur və Azərbaycanın bütün bölgələri hərtərəfli inkişaf edir. Ən təqdirəlayiq odur ki, qeyri-neft sektorunun prioritet elan edilməsi və bu sahəyə kifayət qədər sərmayə yönəldilməsi sayəsində sosial-iqtisadi sahədə diqqətəlayiq nailiyyətlər əldə edilmiş, inkişafın daha yüksək mərhələsinə qədəm qoyulmuşdur. Belə ki, bu gün Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı daim azalır və real sektorda ümumi daxili məhsul istehsalı sürətlə artır.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qlobal böhrana baxmayaraq, davamlı iqtisadi inkişaf barədə deyib: “2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq. Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişaf üçün çox gözəl üfüqlər, perspektivlər açır”. Beləliklə, neftin qiymətinin düşməsinə, bunun nəticəsində dövlət investisiyalarının azaldılmasına, tikinti sektoruna az sərmayə qoyulmasına və müəyyən qədər iqtisadi tənəzzülə baxmayaraq, sənayedə artım vardır. Xüsusən sənayemizin qeyri-neft sektoru və kənd təsərrüfatı artıb.
Dövlət düşünülmüş siyasətlə iqtisadiyyatın yeni daha yüksək mərhələsinə - sənayeləşməyə doğru irəliləməkdədir. 2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 milyon manatlıq məhsul istehsal edilmişdir. Sənaye məhsulunun həcmi 28 832,9 milyon manatlıq olmuşdur. Kənd təsərrüfatı sahəsində isə 2,5 faiz çoxalma baş vermişdir. Beləliklə, sənayeləşmə, özəl sektora xüsusi diqqət, nəticədə ölkənin hərtərəfli tərəqqisinə yönələn düşünülmüş uğurlu siyasət davam etməkdədir. Yeni zəruri infrastruktur layihələrinin həyata keçirilməsi də regionların inkişafına güclü təkan verib. İqtisadiyyatda çoxşaxəli inkişafa nail olmağın nəticəsidir ki, qeyri-neft sənaye məhsulunun artımı davamlı hal alıb.
On aylıq ixracla idxalı müqayisə etdikdə belə bir nəticəyə gəlirik ki, ölkənin bütün regionlarında istehsal olunan məhsullara dünya bazarında, xüsusən uzaq xarici bazarlarda tələbat durmadan artmaqdadır. Beynəlxalq iqtisadi əlaqələrdə iri dövlətlər və inkişaf etmiş ölkələr ilkin sıralardadırlar. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 14153,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7195,7 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 6958,0 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 237,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Beynəlxalq iqtisadi və maliyyə böhranının davam etməsi, ABŞ dollarının kursunun tez-tez dəyişməsi səbəbilə 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 13,4 faiz, o cümlədən ixrac 16,9 faiz, idxal isə 8,2 faiz azalmışdır. Ticarət dövriyyəsinin 36,3 faizi Avropa İttifaqı ölkələrinin, 15,2 faizi MDB üzvü ölkələrinin, 48,5 faizi isə digər ölkələrin payına düşmüşdür. İdxalın ümumi dəyərinin 27,1 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü ölkələrinin, 49,1 faizi isə digər ölkələrə aiddir. İxracın ümumi dəyərinin 45,2 faizi Avropa İttifaqı ölkələrinin, 6,9 faizi MDB üzvü ölkələrinin, 47,9 faizi isə digər ölkələrin hesabına formalaşmışdır. 2016-cı ilin yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 20,6 faiz azalaraq 973,8 milyon dollar təşkil etmişdir. Dünya bazarlarında qeyri-stabil vəziyyətlə bağlı 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,6 faiz artmışdır. 2016-cı ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 493,8 manat təşkil etmişdir. Lakin bütün bunlara rəğmən, 2016-cı ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,9 faiz artaraq 40 028,5 milyon manata çatmışdır. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,9 faizi isə yığıma yönəldilmişdir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17 806,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 848,4 milyon dollar, idxalın dəyəri 6 958,0 milyon dollar təşkil etmiş, nəticədə 3 890,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Ticarət dövriyyəsinin 37,6 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 50,3 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür. 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunmuşdur. Əgər biz BMT-nin 196 üzvü olduğunu nəzərə alsaq, xarici əlaqələrimizin çox sürətlə şaxələndirilməsinin şahidi olacağıq. Bu da iqtisadi dayanıqlığın bir daha təsdiqidir.
Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti dünyanın diqqət mərkəzindədir. Artıq bu fəaliyyət vardır və göstəricilər də diqqət çəkəndir: 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 41 356,4 min ton, yük dövriyyəsi isə 8 129,3 milyon ton-km olmuşdur. Yüklərin 25 984,9 min tonu və ya 62,8 faizi avtomobil nəqliyyatı, 11 456,4 min tonu və ya 27,7 faizi dəmir yolu nəqliyyatı, 3 915,1 min tonu və ya 9,5 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,9 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 11,9 faiz və 24,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 6 171,2 min tonunu tranzit yüklər təşkil etmişdir. 2016-cı ilin yanvar-oktyabr aylarında dəhliz vasitəsilə 280,7 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 5 634,4 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artmışdır. Azərbaycan kimi gənc dövlətin qısa müddətdə beynəlxalq iqtisadi və maliyyə böhranı şəraitində belə göstəricilərə nail olması həqiqi mənada sosial-iqtisadi yüksəlişdir. Azərbaycan güclü siyasi iradə ortaya qoyaraq, bu intibaha imza atıb.
Ölkə informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və enerji sahələrində inkişafda güclü potensialını da meydana qoyub. Məhz dövlətin düşünülmüş siyasəti sayəsində Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının dəyərləndirməsinə əsasən dənizə çıxışı olmayan ölkələr arasında ən güclü transsərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna nail olub. Dövlət müasir texnologiyalar istehsalı sahəsinə kifayət qədər böyük sərmayələr yönəldir. Artıq ölkədə kosmik sənaye yaradılıb, dövlət kosmik ölkələr klubunun üzvüdür və müvəffəqiyyətlə inkişaf edir. Azərbaycan iki - “Azerspace” telekommunikasiya və “Azerisky” müşahidə peykinə malikdir. Növbəti müvafiq peyklərin də orbitə çxarılması planlaşdırılır. Hazırda ölkəmiz Trans-Avrasiya Super İnformasiya Magistralı (TASM) layihəsinin reallaşması ilə informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevrilib. Hesabat döründə informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1448,0 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 4,4 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, əldə edilən innovativ iqtisadi səviyyə masir çox gərgin beynəlxalq siyasi, iqtisadi və sosial kataklizmlər şəraitində dayanıqlığın və dinamizmin qorunmasına əsas zəmindir. Bu gün Azərbaycanın beynəlxalq əlaqələri daim genişlənir və hazırda xarici ticarət dövriyyəsinin Türkiyə, İtaliya, Rusiya Federiyası, Almaniya, Çin, Tayvan (Çinin əyaləti), Fransa, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, İsrail, Hindistan, Gürcüstan, Çexiya, Bolqarıstan, Ukrayna, Sinqapur, Yunanıstan və digər dövlətlərlə əməkdaşlıq hesabına formalaşmışdır. Beləliklə, Azərbaycanın hər bir iqtisadi rayonundakı inkişaf sayəsində ölkə beynəlxalq ticarətə müvəffəqiyyətlə transformasiya edir. Deməli, bu gün Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının mühüm bir parçasıdır və bütün təsərrüfat sahələri də dinamik, müasir səviyyəyə uyğun tərəqqi yolundadır. Ölkə başçısı həm iqtisadi perspektiv və paralel surətdə həm də ixracın şaxələndirilməsi ilə bağlı alınan nəticələr barədə demişdir: “Bir sözlə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan 2016-cı ildə inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm ki, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq”.
Azərbaycanda Dövlət proqramları düşünülmüş iqtisadi siyasət əsasında reallaşır. Elmi-praktiki baxımdan əsaslandırılmış innovativ sosial-iqtisadi layihələrin reallaşdırılmasının nəticələri göz qabağındadır. Bu, iqtisadi inkişaf bütün ölkə bölgələrinin iqtisadi potensialını dövriyyəyə cəlb etmək, regionların paralel şəkildə tərəqqisini təmin etmək məqsədidir. Neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi və infrastruktur layihələrinin vaxtında, dinamik, beynəlxalq səviyyəyə uyğun həyata keçirilməsi, ölkəni böyük potensiala malik dövlətə çevirməkdədir. Regionlarda mövcud, yeni və ənənəvi təsərrüfat sahələrinin müasir səviyyəyə uyğun dövriyyəyə cəlb edilməsi qazanılan uğurların davamlılığına səbəb olur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və zəruri layihələrin bilavasitə ölkə Prezidentinin şəxsən nəzarəti və rəhbərliyi ilə həyata keçirilməsi də bu intensiv inkişafda mühüm rol oynamaqdadır.
Uğurla həyata keçirilmiş neft və qeyri-neft sektoruna aid beynəlxalq səviyyəli layihələr regional əməkdaşlığı ilbəil genişləndirir. Azərbaycanın ixrac olunan karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması o deməkdir ki, ölkəmiz bu əməkdaşlıqla həmin ölkələrin qeyri-neft sektorunun da inkişafına mühüm dərəcədə təsir etməkdədir. Çünki enerji sektoru ilə qeyri-neft sektoru vahid iqtisadiyyatdır. Təbii ki, əlaqələr genişləndikcə real sənayenin məhsullarının da istehsalı ilbəil artmaqdadır. Bu da iqtisadiyyatın həm şaxələndirilməsi, həm də ixrac potensialının güclənməsi və beynəlxalq bazarlarda möhkəmlənmək deməkdir. Daim güclənən səmərəli, qarşılıqlı maraqları təmin edən beynəlxalq əməkdaşlıq bölgədə sülhün, sabitliyin qorunmasının ən mühüm şərtlərindəndir.
Bir sözlə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, Avrasiya məkanında mühüm tranzit qovşağı və iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırılması üçün cəlbedici olması digər əməkdaşlığa maraqlı dövlətlərində sayını daim artırmaqdadır və ölkəmiz davamlı inkişaf yolundadır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ökəmizdə builki iqtisadi yekunlar və gələcək perspektiv barədə deyib: “Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik”.

Ataş CƏBRAYILOV,
“Respublika”.

 

 

 

Read 55 times