XƏBƏR LENTİ

Şənbə, 07 Yanvar 2017 10:56

Hərbi Hava Qüvvələrinin aviabazasında daha bir yaşayış binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən növbəti yaşayış binasının yanvarın 6-da açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən nazir, general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, yeni binaların istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının yüksəldilməsi istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır. Dövlətimizin qayğısı nəticəsində son illərdə mindən çox hərbi qulluqçu daimi mənzillə, 1400-dək hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub. Bu işlər cari ildə də davam etdiriləcək.

Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlığın alınaraq silahlanmaya daxil edildiyini xatırladan general-polkovnik Z.Həsənov görülən kompleks tədbirlərin dövlətimizin başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.

Yeni tikili ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli, 50 mənzilli bina tam təmirli üçotaqlı mənzillərdən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Binada hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında onlarla söhbət edib.

 

 

AZƏRTAC

Read 31 times