XƏBƏR LENTİ

Şənbə, 07 Yanvar 2017 10:53

GÖRKƏMLİ HÜQUQŞÜNAS, ƏDALƏTLİ HAKİM

Cənub bölgəsində qabaqcıl müəllim, ağsaqqal hüquqşünas, gözəl şəxsiyyət kimi tanınan Sabir Qarayev mənalı, keşməkeşli bir yol keçib.

1937-ci ilin yanvar ayının 3-də Lənkəran şəhərində anadan olub. Uşaqlığı Böyük Vətən Müharibəsinin məşəqqətli, ağır illərinə düşüb. Beş yaşında olanda atası Mirzağa kişi xəstəlikdən dünyasını dəyişib. Valiyə ana Sabiri və iki qız övladını çox çətinliklə böyüdüb ərsəyə çatdırıb.

Sabir Qarayev Lənkəran şəhərindəki 5 nömrəli yeddillik məktəbini və Lənkəran Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1962-ci ildə ali təhsilini başa vurub bir vaxtlar oxuduğu doğma məktəbdə əmək fəaliyyətinə başlayıb.

Bütün enerjisiylə çalışır, çoxlu axtarışlar aparır, şagirdlərə riyaziyyatın sirlərini öyrədirdi. Qısa vaxtda savadlı, bacarıqlı, yenilikçi müəllim kimi rayonda tanındı. Dərsdə əyaniliyə daha çox üstünlük verirdi. Hazırladığı elektron lövhə, əyani vəsaitlər tədris prosesində köməyinə gəlirdi. Respublika müəllimləri arasında avtomatlaşdırılmış tədris sistemini ilk quranlardan idi.

Ən çətin mövzuları yeni metodlarla şagirdlərə çatdırır, fizika və riyaziyyat fənlərini yüksək pedaqoji ustalıqla tədris edirdi. Məktəbin məzunları ali məktəblərə qəbul imtahanlarında bu fənlərdən yüksək bilik nümayiş etdirir, digər məzunlardan seçilirdilər.

Sabir müəllimin uğurları pedaqoji ictimaiyyət və rayon rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı. Qabaqcıl iş təcrübəsi Lənkəran rayonunun məktəblərində yayıldı. Haqqında respublika mətbuatında yazılar dərc olundu. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirildi. 1976-cı ildə pedaqoji sahədə səmərəli fəaliyyətinə görə keçmiş SSRİ-nin ən hörmətli təltiflərindən olan “Oktyabr inqilabı” ordeninə layiq görüldü.

Deyirlər ki, gənclik ömrün baharıdır. Bahar hər il gəlir. Ömrün baharı isə geri qayıtmır. Sabir müəllim ömrünün baharını zəhmətə, yaradıcı işə, təhsilə, elmə həsr edib. Qiyabi yolla Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1978-ci ildə sevimli müəllim peşəsindən ayrılıb haqqın-ədalətin keşiyində durdu. Həmin ilin oktyabr ayında Lerik rayon məhkəməsinin hakimi seçildi.

“Dünya dağılsa belə, qoy ədalət zəfər çalsın” müdrik kəlamını özünə həyat devizi seçdi. Ucqar dağ rayonunda işləmək o qədər də asan deyildi. Rayonun başçısı hüquq-mühafizə orqanlarının işinə qarışır, bəzən problem də yaradırdı. Sabir müəllim qanunun aliliyini hər şeydən üstün tutur, haqqı-ədaləti müdafiə edirdi.

Kəndlərin rayon mərkəzindən uzaqlığını, yolların bərbad vəziyyətdə olmasını nəzərə alaraq bəzi cinayət və mülki işlərə səyyar məhkəmə iclaslarında baxırdı. Rayon prokurorluğu, polis şöbəsi ilə birgə hüquq gecələri təşkil edir, mühazirələr oxuyur, əhali arasında hüquqi bilikləri geniş təbliğ edirdi. Həyata keçirilən tədbirlər nəticəsiz qalmır, cinayət hadisələrinin sayı ildən-ilə azalırdı.

Sabir Qarayev 1982-1990-cı ilərdə Masallı rayon məhkəməsinin sədri işləyib. O, bu vəzifəyə seçiləndə kifayət qədər təcrübəli idi. Həmin dövrdə rayon məhkəməsi köhnə, qəzalı vəziyyətdə olan binada yerləşirdi. Sabir müəllimin təşəbbüsü ilə məhkəmə üçün ikimərtəbəli, yaraşıqlı bina tikildi. Bu bina respublikada ən yaxşı məhkəmə binası sayılırdı və şəkli Moskvada çıxan “Selskaya jizn” qəzetində dərc edilmişdir.

O, 1990-cı ilin avqust ayında Lənkəran rayon məhkəməsinin sədri vəzifəsinə təyinat alır. Doğma rayonda hörmətlə-izzətlə, sədaqətlə işləyir. Bir ağsaqqal kimi rayonun hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, səmimi münasibət yaradır. Məhkəmə iclaslarına ictimaiyyətin nümayəndələrini dəvət edir, qərar və qətnamələrin obyektiv, ədalətli olmasına çalışır, məhkəmə sədri işlədiyi 22 il ərzində daha çox üç prinsipə əməl edirdi: qanunun aliliyini qorumalı, verilmiş cəza insanları tərbiyə etməli və hakimlik vəzifəsi əbədi deyil. Sabir Qarayev 2000-ci ildən təqaüddədir.

Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev həmkarı barədə deyir:

- Sabir Qarayev yüksək peşəkarlığa malik hüquqşünas kimi qanunları dəqiq və düzgün tətbiq etdiyi üçün ədalətli hakim imicini qazanmışdır. İşlədiyi bütün dövrlərdə yüksək vətəndaş mövqeyi nümayiş etdirmiş, öz xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, tutduğu vəzifəsinin və peşəsinin nüfuzunu yüksəklərə qaldırmışdır. Onun uzunmüddətli həyat təcrübəsi və ədliyyə orqanlarında zəngin iş təcrübəsi bu gün gənclər, həm də hüquq-mühafizə orqanlarında çalışanlar üçün əsl həyat məktəbidir.

Bu gün Sabir Qarayev ömrün müdrik çağlarını yaşayır. Təqaüddə olsa da, daim həmkarlarının, dostlarının, Lənkəran ictimaiyyətinin arasındadır. Təcrübəli hüquqşünas, dəyərli ziyalı, nüfuzlu ağsaqqal kimi gənclərə tövsiyə və məsləhətlərini verir, doğma rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

 

 

 

Read 35 times