XƏBƏR LENTİ

Şənbə, 07 Yanvar 2017 10:52

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 2016-cı ildə rekord göstəriciyə çatıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib. Bu Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb. 2016-cı ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə “Türk Hava Yolları”, “Aeroflot”, “S7 Airlines”, “FlyDubai” və “Qatar Airays” daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

2016-cı ildə “İraqi Airays”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komiaviatrans” aviaşirkətləri və Rusiyanın “Pobeda” loukosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu “Skytrax” konsaltinq şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

AZƏRTAC

 

 

 

Read 39 times