XƏBƏR LENTİ

Cümə, 22 Noyabr 2019 05:44

Odessa şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Odessa Ədəbiyyat Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Birləşmiş Odessa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə keçirilən yubiley tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Türkiyənin Odessadakı konsulluğunun diplomatları, Odessa şəhər meriyasının rəsmiləri, diaspor və media təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Nəsiminin həyat və yaradıcılığından, dahi şairin dünya poeziyasına bəxş etdiyi dəyərli töhfələrdən söz açılıb. Dahi şairin zəngin yaradıcılığına işıq saçan yubiley gecəsində Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəli əsasında bəstələdiyi musiqi kompozisiyası nümayiş etdirilib. Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev Odessa şəhərində İ.Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsinə görə Odessa Azərbaycanlıları Konqresinin fəallarına dərin minnətdarlığını bildirib. Belə bir tədbirin keçirilməsinin Azərbaycanla Ukrayna arasında mövcud olan mədəni əlaqələrin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb. Yubiley gecəsində Odessa Azərbaycanlıları Konqresinin sədr müavini Namiq Talıbov, “Azərdəmiryol” Dövlət Konserninin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna azərbaycanlıları gənclər məclisinin sədri Vaqif Nağıyev və digər şəxslər çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunmasının tarixi əhəmiyyətindən bəhs ediblər. Bu il Ukraynanın paytaxtı Kiyev şəhərində İ.Nəsiminin abidəsinin ucaldılmasını yüksək dəyərləndiriblər.

Tədbirdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessa şəhərində fəaliyyət göstərən Əhməd Cavad adına həftəsonu Azərbaycan dili məktəbində olublar. Məktəblə tanışlıq zamanı qonaqlara bildirilib ki, təhsil ocağı kitabxananın nəzdində fəaliyyət göstərir. Məktəbdə ayrı-ayrı qruplar üzrə 7 yaşından 17 yaşına qədər 25 şagird təhsil alır. Onlara Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti tədris olunur. Məktəbdə Azərbaycan və Ukrayna guşələri yaradılıb.

Qeyd edilib ki, Odessa Azərbaycanlıları Konqresinin təşəbbüsü və dəstəyi ilə fəaliyyət göstərən məktəbə soydaşlarımız böyük maraq göstərir. Məktəblə tanışlıqdan sonra azərbaycanlı uşaqlar vətənə, dövlətə həsr olunmuş şeirlər söyləyiblər.

Möhsüm QƏDİROĞLU,

“Respublika” qəzetinin Ukrayna və

Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.

Read 65 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498021

Currently are 128 guests and no members online