XƏBƏR LENTİ

Bazar, 14 May 2017 10:18

ABŞ-ın Kaliforniya ştatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” söyləyən Ulu öndərin anadan olmasının 94 illiyi ilə əlaqədar bu günlərdə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə bu dahi insanın əziz xatirəsi böyük hörmət və ehtiramla anılır, yad edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlər keçirilmişdir. Bu məqsədlə 2017-ci ilin may ayının 5-dən Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti Kaliforniyada səfərdədir.
Proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlər keçirilmiş, “Əli və Nino” filmi nümayiş etdirilmiş, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi və Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüşlər keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 6-da Los Anceles şəhərində keçirilmiş geniş konsert böyük mədəniyyət hadisəsi kimi tədbir iştirakçılarında xoş hisslər yaratmışdır.
Los Ancelesin ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən təqdim olunan milli musiqi və rəqslərimizdən ibarət əvəzsiz nümunələr 2 minə yaxın tamaşaçı tərəfindən böyük rəğbət və gurultulu alqışlarla qarşılanmışdır.
Tədbirin əvvəlində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış etmişlər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Ulu Öndərin həyat yolu və müasir Azərbaycanın qurulmasında, eləcə də ölkəmizin tərəqqisində oynadığı əvəzsiz tarixi xidmətləri barədə danışaraq qeyd etmişdir ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olmuş, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək, müasir Azərbaycanın tərəqqisinin təməlini qoymuşdur.
Sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx nümayiş olunmuşdur.
Daha sonra incəsənət ustalarımızın möhtəşəm konsert proqramı təqdim olunub. Xalq artisti, professor Siyavuş Kəriminin musiqi rəhbərliyi altında nümayiş etdirilən geniş repertuarda xalq mahnılarımızdan, muğamlarımızdan, dahi bəstəkarlarımızın ölməz əsərlərindən, solo ifaçılıq sənətimizdən və milli rəqslərimizdən ən gözəl nümunələrinə yer verilib. Bu səpkidə xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova və gənc müğənni Arzu Əliyeva tərəfindən səsləndirilən rəngarəng mahnı və muğam təsnifləri , simfonik musiqi əsərləri, eləcə də gənc rəqqasə Röya Əliyevanın təqdim etdiyi şux rəqslər geniş tamaşaçı kütləsinin sözün əsl mənasında zövqünü oxşayıb. Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən böyük məharətlə səslandirilən instrumental əsərlər isə böyük rəğbətlə qarşılanıb.
Konsertin sonunda bəstəkar Rauf Hacıyevin ölməz əsərlərindən olan məşhur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb. Konsert tamaşaçıların sürəkli və gurultulu alqışları ilə qarşılanıb.
Konsertdən sonra Los Ancelesin siyasi - ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.
Nəsimi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilmişdir.
Növbəti tədbir may ayının 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın San Dieqo şəhərinin mərkəzində yerləşən Regal Cinema Mərkəzində nümayiş olunmuşdur. Filmin nümayişində San Dieqo şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak etmişlər.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışaraq bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.
Sonra film nümayiş etdirilib, yüksək rəğbətlə və sürəkli alqışlarla qarşılanmışdır.
San Dieqoda növbəti tədbir Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında açılmışdır. “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı sərgidə mart ayında Bakıya səfər etmiş Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirildi. Nümayiş olunan fotoşəkillər Bakının tarixi və müasir memarlıq, onun multikulturalizm, etnik və dini müxtəlifliyin, eləcə də son bir neçə il ərzində Bakının sürətli inkişafını əks etdirir. Foto sərgidə Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, “Alov qüllələri” kompleksi, həmçinin tarixi-mədəni abidələri əks olunur.
May ayının 10-da Nəsimi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.
Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirmişdir. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərin getdikcə daha da yaxınlaşmasından məmnun olduğunu diqqətə çatdırmışdır. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim etmişdir.
Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunmuşdur.
Həmçinin Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurmuşdur.
Keçirilən görüşlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmasını qeyd edərək, Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirərək Asif Əsgərov Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışmış, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırmışdır.
San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan Asif Əsgərov San Dieqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etmək üçün ölkəmizə dəvət etmişdir.
Nəsimi rayon nümayəndə heyəti tərəfindən keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Məhəmməd VƏLİYEV,
“Respublika”.

Read 42 times