XƏBƏR LENTİ

Cümə axşamı, 29 Dekabr 2016 10:16

Azərbaycanın İspaniyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Madriddə və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar, həmçinin  səfirlik tərəfindən dəvət olunmuş digər qonaqlar iştirak ediblər.

Səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək həmvətənlərimizi salamlayıb, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ölkəmizin inkişafı baxımından göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb. Həmrəylik gününün tarixindən və əhəmiyyətindən bəhs edən səfir bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, məhz onun təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini vurğulayıb.

Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edən bu bayramın dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış vacib addım olduğunu qeyd edən A.Məhərrəmov bunun davamı olaraq 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayının milli həmrəyliyimizin nümayişinin bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, I qurultayın keçirilməsindən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın fəaliyyətinin gücləndirilməsi və diaspor sahəsində dövlət siyasətinin səmərəliliyinin artırılması məqsədilə indiki Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb və bununla da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesi təmin edilib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir A.Məhərrəmov aparılan bu uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını vurğulayıb. Səfir xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verərək, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının qurultaylarında etdiyi çıxışlarda ölkəmizin milli maraqlarının qorunması, təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsini xüsusi vurğuladığını və onları milli birliyə xidmət edən fəaliyyətlərində səfərbər olmağa çağırdığını qeyd edib.

 

 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin bu ölkədə yaşayan azərbaycanlılarla daim sıx əlaqədə olduğunu bildirən səfir A.Məhərrəmov İspaniyada ölkəmizin maraqları baxımından fəal təbliğat işinin aparılmasında səfirliyin həmvətənlərimizə hər zaman öz dəstəyini göstərməyə hazır olduğunu söyləyib.

Çıxış edən həmvətənlərimiz bu tədbirdə iştirak etməkdən məmnun olduqlarını bildirərək, İspaniyada yaşayan azərbaycanlıların ölkəmizin milli maraqlarının qorunması və təbliği işinin aparılması istiqamətində ölkə Prezidentinin öz çıxışlarında qeyd etdiyi kimi, səfərbər olduqlarını və bu baxımdan fəaliyyətlərini gələcəkdə daha da artıracaqlarını qeyd ediblər.

Daha sonra qonaqlara milli mətbəx nümunələrimiz təqdim edilib. Tədbirdə iştirak edən azyaşlı uşaqlara Yeni il hədiyyələri verilib, milli musiqimiz səsləndirilib.

 

AZƏRTAC

Read 36 times