XƏBƏR LENTİ

Cümə, 16 Dekabr 2016 09:46

Kiyev şəhərində Səməd Vurğunun 110 illik yubileyi

Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxananın birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbirə qatılanlar ilk öncə Səməd Vurğunun Kiyev şəhərindəki büstü önünə tər çiçəklər qoymaqla ölməz şairlərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Ukrayna Yazıçılar Birliyinin və Taras Şevçenko adına milli muzeyin nümayəndələrinin, tanınmış yazıçı və şairlər iştirak etdiyi xatirə gecəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev çıxış edərək, Səməd Vurğunun zəngin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Ölməz şairi Azərbaycan dilinin və poeziyasının mənəvi pasportu adlandıran diplomat xalqımızın poeziya xəzinəsinə dəyərli töhfələr vermiş Səməd Vurğun yaradıcılığının bədii məziyyətlərindən söz açıb. Qeyd edib ki, onun yazdığı lirik şeirlər, irihəcmli poemalar və dram əsərləri əsasında tərtib olunmuş tamaşalar, filmlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun ikinci dünya müharibəsi illərində yazdığı “Ukrayna partizanları” poemasının Azərbaycanla Ukrayna dostluğunun bədii simvoluna çevrildiyini bildirən səfir, dahi Azərbaycan şairinin dünya durduqca ürəklərdə, duyğularda yaşayacağını vurğulayıb.

Tədbirdə Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxananın direktoru Qalina İvanovna çıxış edərək, Səməd Vurğun kimi tanınmış bir simanın adını daşıyan kitabxanaya rəhbərlik etməkdən qürur duyduğunu bildirib. 1974-cü ildən fəaliyyət göstərən kitabxanada 30 mindən çox kitab və jurnalın olduğunu diqqətə çatdıran Qalina İvanovna 2006-cı ildə əsaslı şəkildə təmir olunmuş kitab evinin 5 minə yaxın oxucusu olduğunu vurğulayıb. Bədii kitab bazasına görə Ukraynada nümunəvi kitab evlərindən biri sayılan kitabxanada mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə hüquq elmləri doktoru, professor Arif Quliyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digər şəxslər çıxış edərək Səməd Vurğun poeziyasının və dramaturgiyasının zəngin çalarlarından söz açıblar. Onun əsərlərinin bir sıra xalqların dillərinə tərcümə olunduğunu bildirən çıxışçılar Səməd Vurğunun qələmə aldığı “Azərbaycan”, “Ceyran”, “Dağlar”, “Ananınöyüdü”, “Şəfqət bacısı” və digər şeirlərinin bugün də dillər əzbəri olduğunu vurğulayıblar.

Tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Ukraynalı şairlər Səməd Vurğunun Ukrayna dilinə tərcümə olunmuş şeirlərindən parçalar söyləyiblər. Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan dili məktəbinin uşaqları ölməz şairin əsərlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Hazırlanmış bədii proqram tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qədir ASLAN,

“Respublika”. 

 

 

 

Read 19 times