XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:35

Ulu öndər Heydər Əliyevin xatirəsi Sankt-Peterburqda yad edilib

Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü Sankt-Peterburqda da qeyd edilib.

Şəhərin Qoroxovaya küçəsində, Ümummilli Liderin barelyefi önündə keçirilən tədbirdə baş konsul, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) üzvləri və baş konsulluğun diplomatları iştirak ediblər.

Anım mərasimdə çıxış edən baş konsul Sultan Qasımov ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyət, onun müdrik və uzaqgörən siyasəti, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarlar barədə danışıb. Diplomat Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq təfəkkürünün banisi olan Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Baş konsul bildirib ki, Azərbaycan dünyanın inkişaf edən ölkələrindəndir və Cənubi Qafqazda bütün göstəricilər üzrə lider dövlətdir. Sultan Qasımov ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu ilə məşğul olduğu dövrdə ölkənin inkişafı və xalqın rifahı naminə çoxlu sayda mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini qeyd edib. Diplomat Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sahəsində Azərbaycanın gündən-günə gücləndiyini və sözün əsl mənasında, beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğulayıb.

Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, dahi siyasətçinin 2002-ci ildə Sankt-Peterburqa rəsmi səfəri zamanı vaxtilə Qoroxovaya küçəsində təhsil aldığı binanın önünə gəldiyini bildirib. Bu gün həmin ünvanda Ulu Öndərin barelyefi qarşısında onun əziz xatirəsini anmaq hər bir həmvətənlimizin mənəvi borcudur və bu, böyük şərəfdir. O, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsi ideyasının məhz ümummilli lider Heydər Əliyevə məxsus olduğunu və onun uzaqgörən siyasəti nəticəsində bu birliyin yarandığını vurğulayıb. Vaqif Məmişov Azərbaycan diasporuna göstərilən dövlət qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

“Sankt Peterburqun Azərbaycan diasporu” ictimai təşkilatının nümayəndəsi professor Heydər İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı üçün daim çalışdığını bildirib. Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi nəticəsində hələ 1970-1980-ci illərdən başlayaraq çoxlu sayda azərbaycanlı gənclərin SSRİ-nin aparıcı təhsil ocaqlarına göndərildiyini və gələcək müstəqil Azərbaycan üçün yüksək səviyyəli peşəkar kadrların yetişdirildiyini diqqətə çatdırıb.

“Naxçıvan” Azərbaycanın Dostları Milli-Mədəni Cəmiyyətinin rəhbəri İdris Qəhrəmanov müasir Azərbaycan dövlətçiliyinin quruculuğunda və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan, xaricdə yaşayan həmvətənlərə böyük qayğı göstərməsindən danışıb. O bildirib ki, Heydər Əliyev azərbaycançılıq ideyasının banisi və Azərbaycan diasporunun qurucusudur.

Tədbirdə çıxış edən AMOR-un nümayəndəsi Zakir Nəsibzadə Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın möhkəmləndiyini və öz müstəqilliyini əbədiləşdirdiyini bildirib. AMOR fəallarının müasir Azərbaycan gənclərinin ölkə rəhbərliyinin diqqət və qayğısını hər zaman hiss etdiklərini və Prezident İlham Əliyevin siyasi kursunu daim dəstəklədiklərini vurğulayıb.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar. 

AZƏRTAC

 

 

 

Read 20 times