XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:27

Azərbaycanın İspaniyadakı səfirliyində Ulu Öndərin vəfatının ildönümü qeyd olunub

Dekabrın 12-də Azərbaycanın İspaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə İspaniyadakı Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə səfirliyimizdə ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşənin önünə gül dəstəsi düzülüb. Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və ölkədə sabitliyin bərqərar olmasında müdrik rəhbərin misilsiz xidmətlərini diqqətə çatdırıb. Torpaqlarımızın Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edildiyi, ölkədə xaos və hərc-mərcliyin hökm sürdüyü çətin bir vaxtda Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtmasını qeyd edən səfir A.Məhərrəmov məhz uzaqgörən siyasətçi və təcrübəli dövlət başçısı Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə atəşkəs barədə razılığın əldə olunduğunu qeyd edib.

Ümummilli Liderin hakimiyyəti illərinə nəzər salaraq, müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və davamlı iqtisadi inkişafın əsasının qoyulmasının Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edən səfir A.Məhərrəmov məhz dahi şəxsiyyət Heydər Əliyevin uğurla apardığı həm daxili, həm də xarici siyasət nəticəsində bu gün Azərbaycanın stabil və inkişaf edən ölkələr sırasında olduğunu xüsusilə vurğulayıb.

Səfir A.Məhərrəmov bildirib ki, məhz Heydər Əliyevin qoyduğu zəngin siyasi irs və təcrübə əsasında Azərbaycan dövləti günü-gündən daha da güclənir və bu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vurğulanıb ki, əbədiyyətə qovuşmasına baxmayaraq ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq dahi şəxsiyyət kimi qalacaq.

Tədbirdə, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolar və sənədli film nümayiş etdirilib.

Sonda mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunublar.

 

 

AZƏRTAC

Read 10 times