XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:24

Pekində Ulu Öndərin xatirəsi anılıb

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Çin ziyalılarının, bu ölkədə yaşayan azərbaycanlıların, tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin müvəqqəti işlər vəkili Mətin Mirzə dahi şəxsiyyət, öz ölkəsinə və xalqına sadiq böyük vətənpərvər, Azərbaycanın müasir tarixində xüsusi yeri olan Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.

Diplomat Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda, habelə keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə xalqının, doğma respublikanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri yada salaraq, Heydər Əliyevin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu deyib.

Bildirilib ki, Ulu Öndərin qurub yaratdığı dövlət Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir.

Bir neçə dəfə Azərbaycana səfər etdiyini bildirən Çin Mincu Universitetinin professoru Xu Cenxua ölkəmizin müasir tarixi ilə bağlı apardığı araşdırmalardan söz açıb. O, belə bir qənaətini bildirib ki, müstəqilliyinin ilk illərində Heydər Əliyev kimi dahi bir lider olmasaydı, Azərbaycanın taleyinin necə olacağı bəlli olmazdı.

Pekin Xarici Dillər Universitetinin müəllimi, filologiya elmləri doktoru Aqşin Əliyev, səfirliyin birinci katibi Rövşən Hüseynzadə və başqaları Ulu Öndərin Azərbaycanın bir dövlət kimi yaşamasında, ölkənin müxtəlif sahələr üzrə inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın böyük çətinliklərlə qarşılaşmışdı. Belə bir vəziyyətdə xalqının köməyinə gələn Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, ölkəmizdə sabitliyin bərqərar olunmasını təmin etdi. 

Sonra Ümummilli Liderə həsr olunan film nümayiş olunub.

 

AZƏRTAC

 

 

 

Read 21 times