XƏBƏR LENTİ

Bazar, 11 Dekabr 2016 22:32

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Ankarada, Ulu Öndərin adını daşıyan parkda anım mərasimi təşkil edib.

Tədbirdə səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbələrimiz, Türkiyənin hökumət və parlament üzvləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklillər qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Səfir Faiq Bağırov, Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Nurəddin Aras, tədbirin keçirildiyi Yeniməhəllə rayonunun bələdiyyə sədri Fethi Yaşar, professor Əflatun Nemətzadə, tələbə və kursantlarımız çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı naminə həyata keçirdiyi tarixi missiyaların əhəmiyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Ulu Öndərin Vətən və xalq qarşısındaki ən böyük xidməti müstəqil Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasıdır. Xalqımızın dövlətçilik tarixində böyük yeri və rolu olan azərbaycançılıq ideologiyası Heydər Əliyevin fəaliyyət amalı kimi qeyd olunub. Əminliklə bildirilib ki, ulu öndər Heydər Əliyevin quruculuq işləri Azərbaycanda və Türkiyədə heç zaman unudulmayacaq.

Çıxışlardan sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Fikri İşık, mədəniyyət və turizm naziri Nabi Avcı, gənclər və idman naziri Akif Çağatay Kılıç, ailə məsələləri və sosial siyasət naziri Fatma Bətül Sayan Kaya, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Şaban Dişli və AKP-nin baş katibi Əbdülhəmid Gülün mərasimə ünvanladıqları məktubların mətni oxunub.

 

AZƏRTAC

 

 

 

Read 34 times