XƏBƏR LENTİ

Bazar, 11 Dekabr 2016 22:29

Ümummilli lider Heydər Əliyevin xatirəsi Sofiyada anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Sofiyada anım mərasimi keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diasporumuzun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkəmizin və xalqımızın müasir tarixində əvəzolunmaz rola malik olduğunu qeyd edərək Ulu Öndərin həyat yolundan bəzi məqamları diqqətə çatdırıb. Diplomat 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin sovet məkanında bütün sahələrdə uğurlu inkişafa nail olduğunu, onun digər respublikalara nümunə göstərildiyini qeyd edib. Bu gərgin fəaliyyətin nəticəsində 1982-ci ildə dahi siyasi xadimin ilk azərbaycanlı olaraq SSRİ rəhbərliyində yüksək vəzifə tutduğunu vurğulayıb. N.Qurbanova qeyd edib ki, harada olmasından asılı olmayaraq Ulu Öndər hər zaman Azərbaycanın sadiq oğlu olmaqda davam edib və xalqımızın milli maraqlarını qətiyyətlə qoruyub. 1987-ci ildə M.Qorbaçovun Azərbaycana qarşı ədalətsiz mövqeyinə etiraz olaraq vəzifəsindən istefa verən Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı faciəyə etiraz olaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib, xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. 1990-cı ildə doğma Vətənə qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb, hökumət böhranının və vətəndaş müharibəsi təhlükəsinin baş verdiyi dövrdə xalqın təkidli çağırışlarına cavab olaraq yenidən Azərbaycan rəhbərliyinə qayıdıb. Ümummilli Liderin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ölkəmizin ən yeni tarixində misilsiz bir mərhələnin başlanğıcını qoyub. Bu qayıdış müstəqilliyimizin qorunmasına, torpaqlarımızın işğalına son qoyulmasına, ölkədə firavanlığın və əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunmasına zəmin yaradıb. Qısa zaman ərzində Azərbaycan özünün müdrik xarici siyasəti, iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında layiqli yerini tutdu.

Səfir deyib: “Hazırda hər bir azərbaycanlı fərəh hissi ilə deyə bilər ki, Azərbaycan müstəqil, demokratik və siyasi cəhətdən sabit dövlət olaraq öz gələcəyini və inkişaf yolunu müəyyən edir. Onun müstəqilliyi dönməzdir və dövlətçiliyi güclü zəmanətə əsaslanır. Diplomat son illər ərzində Azərbaycanın güclü sosial-iqtisadi inkişafa nail olaraq regionun lider ölkəsinə çevrildiyini və beynəlxalq arenada öz nüfuzunu əhəmiyyətli dərəcədə artırdığını, bütün bunların bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğu və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayıb.

Səfir ümummilli lider Heydər Əliyevin 13 il əvvəl əbədiyyətə qovuşmasına baxmayaraq, xalqımızın yaddaşına əbədi həkk olmuş dahi şəxsiyyət kimi qalacağını bildirib.

Çıxışlardan sonra ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Mərasimin sonunda səfirliyin inzibati binasında Ulu Öndərin vəfatı günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

AZƏRTAC

 

 

 

Read 44 times