XƏBƏR LENTİ

Şənbə, 10 Dekabr 2016 11:00

“Eurasia Review” Ermənistanın təcavüzündən və nüvə silahının yayılması problemindən yazıb

ABŞ-da çıxan “Eurasia Review” xəbər portalı Nia Amirin “Dağlıq Qarabağ: 25 il sonra vəziyyət necədir?” adlı məqaləsini dərc edib. Məqalədə Ermənistanın Azərbaycana təcavüzündən, suveren Azərbaycan ərazilərinin 20 faizinin işğalından və bir milyondan çox azərbaycanlının Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən didərgin salınmasından bəhs edilir.

Müəllif yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi heç bir nəticə verməyib. 2016-cı ilin aprelində ermənilərin provokasiyası Ermənistanı və Azərbaycanı genişmiqyaslı müharibə həddinə gətirib çıxarıb. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnə bilərdi, amma hər iki ölkə üçün kütləvi qırğına və humanitar böhrana çevrilərdi.

Məqalə müəllifi qeyd edir ki, noyabrın 8-də Bakıda Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri, o cümlədən Xocalı soyqırımı qurbanlarının ailələrinə başsağlığı verən tanınmış hüquq müdafiəçisi Vahe Avetisyan iştirak ediblər.

Nia Amir yazır ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni ordusu tərəfindən törədilib.

Konfransda iştirak edən Ermənistanın “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan bildirib ki, onun ölkəsində hakimiyyətdə olanlar və Xocalıda soyqırımı törədənlər erməni xalqının da düşmənləridir. O deyib ki, Bakıda yaşayan 30 min erməninin bəziləri ilə görüşüb, Azərbaycan hökumətinin hesabına bərpa olunan və mühafizə edilən erməni kilsəsinə gedib.

Müəllif ermənilərin nüvə silahının yayılmasında fəaliyyətindən də yazaraq qeyd edir ki, Ermənistan hökuməti 1999-cu ildən ölkəyə qanunsuz yolla radioaktiv materiallar idxal edir. Sonda Nia Amir yazır ki, Qafqazda nüvə və radioaktiv materialların mövcudluğu həm bu region, həm də Avropa, Yaxın Şərq  ölkələri və bütün dünya üçün real təhlükədir.

AZƏRTAC

 

 

 

Read 124 times