XƏBƏR LENTİ

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib.

Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb.

Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını deyən dövlətimizin başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirdi, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırdı. İpək Yolunun ölkələr arasında dostluğun və əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini deyən Prezident İlham Əliyev ötən ilin Azərbaycanda “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirdi, bu çərçivədə həyata keçirilən tədbirlərin həm də İpək Yolu layihəsinin uğurla reallaşmasına töhfə verəcəyini vurğuladı. Dövlətimizin başçısı İpək Yolu üzərində yerləşən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə əlaqələndirmə qurumunun yaradılmasının əhəmiyyətinə toxundu, bunun bir çox layihələrin nəzərdən keçirilməsi, qərarların qəbul olunmasına imkan verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev hazırda yüklərin İpək Yolu ilə daşınması üzrə müxtəlif ölkələrlə əməkdaşlıq üzərində iş getdiyini diqqətə çatdıraraq Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tədbirlər gördüyünü bildirdi.

 

 

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra tədbirlərin görüldüyünü, Azərbaycanın enerji resurslarının İpək Yolunun bərpasında mühüm rol oynadığını deyən Prezident İlham Əliyev bu resursların ətraf mühitə təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı. İpək Yolu layihəsinin insanlar arasında da əlaqələrin qurulmasına kömək edəcəyini deyən dövlətimizin başçısı bunun ölkəyə daha çox turistlərin cəlb edilməsinə imkan verəcəyini bildirdi. Bu məqsədlə hazırda Azərbaycanda elektron viza sisteminin tətbiq olunduğunu, bunun isə əcnəbilərə Azərbaycana gəlmək üçün vizanı 3 gün ərzində almağa imkan yaratdığını vurğuladı.

Bununla da yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri başa çatdı.

AZƏRTAC

Cümə, 20 Yanvar 2017 13:40

20 Yanvar: azadlığa gedən yol

Dövlət başçısı deyib: “Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın 19-da ölkəmizdə səfərdə olan Beynəlxalq Reyn Dərnəyinin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan qadını” adlı bədii əsər yazmaq və Azərbaycan haqqında ətraflı məlumat toplamaq məqsədilə ölkəmizə səfərə gəldiyini deyən fransız yazıçısı Jerar Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı, Xocalı faciəsi haqqında da kitab yazacağını bildirib.

Əli Həsənov bu səfərin Fransa ictimaiyyətində ölkəmiz haqqında daha da dolğun məlumatın yayılacağına töhfə verəcəyinə əminliyini ifadə edib və Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib.

Baş nazirin müavini Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, bir çox sahələri əhatə etdiyini və bu əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Ölkəmiz haqqında məlumat verən Baş nazirin müavini qeyd edib ki, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri, ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, daxildəki ictimai-siyasi sabitlik göz qabağındadır. Bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir. Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsrlərboyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayıblar.

Əli Həsənov diqqətə çatdırıb ki, bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Bununla yanaşı, ölkədə qadın hüquqlarının müdafiəsi, onların iqtisadi cəhətdən müstəqilliyinin artırılması sahəsində möhkəm addımlar atılır. Bundan başqa, Şərqdə ilk dəfə olaraq 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüququ verilib. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırıb.  

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verən Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar ki, bunlar da Azərbaycan torpaqlarının mərhələ-mərhələ işğalı ilə nəticələnib.

1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 min erməni köçürüldü.

Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. Bu, deportasiya deyil, əslində etnik təmizləmə oldu.

1988-ci ilin fevral ayında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə həyata keçirilən hadisələrdən sonra erməni millətçilərinin əli ilə hədə-qorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Əli Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. O qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Köçəryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər.

Jerar Kardonun sualını cavablandıran Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün səmərəli idarəçilik mexanizmi yaradılıb. Bu günə kimi bu insanlar arasında heç bir konflikt yaşanmayıb. Qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılsa da, onların əsas istəyi öz doğma torpaqlarına qayıtmaqdır. Çünki vətən doğulduğun yerdən başlayır.

Fransalı yazıçı Jerar Kardon səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Qonaq qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq.

Qonaq görüşdə əldə etdiyi məlumatların ona bu işində çox böyük kömək göstərəcəyini vurğulayıb.

Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən Jerar Kardon bu gün Ermənistanda aclığın, yoxsulluğun baş alıb getdiyini, insanların ölkəni tərk etdiyini və oradakı xalqın hazırkı rejimə qarşı çevrildiyini bildirib.

 

AZƏRTAC

 

 

 

Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, bununla əlaqədar nazirlik tərəfindən icraya yönəldilən əmr və göstərişlər hesabat dövründə paytaxt polisinin fəaliyyətinə də müsbət təsir göstərib. Ötən il Bakı, eləcə də ayrı-ayrı rayonlar üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, mənfi proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.

Bildirilib ki, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən Formula-1 Avropa Qran-Pri yarışlarında asayişin mühafizəsi daha da gücləndirilib. Mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

M.Seyidov məlumat verib ki, ötən il paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11 min 940 cinayət qeydə alınıb. Onların 83,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2015-ci illə müqayisədə qəsdən adam öldürmələr 12,7 faiz, adam öldürməyə cəhdlər 10 faiz, yol-nəqliyyat hadisələrinin sayı 14,2 faiz, həlak olanların sayı 16,2 faiz, xəsarət alanların sayı isə 18,7 faiz azalıb.

Cinayətlərin 75,9 faizinin, ağır növlərinin 76,5 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 64,4 faizinin, şəxsiyyət əleyhinə olan 1709 cinayətin 95 faizinin, o cümlədən qəsdən adamöldürmələrin 94,6 faizinin, adam öldürməyə cəhdlərin isə hamısının açılması təmin olunub.

Müqayisə edilən dövrə nisbətən ümumi cinayətlərin açılması 0,7 faiz, şəxsiyyət əleyhinə olanların açılması 1 faiz, o cümlədən adam öldürməyə cəhdlərin açılması 3,3 faiz yaxşılaşıb. Bu göstərici qəsdən sağlamlığa az ağır zərər vurmalar üzrə 0,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlərdə 2,6 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarında 27,1 faiz, mənzillərdən edilən oğurluqlarda 6 faiz, mal-qara oğurluğunda 22,9 faiz, soyğunçuluqda 13,2 faiz, quldurluqda 12,9 faiz, hədə-qorxu ilə tələb etmələrdə isə 6,7 faiz olub.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3947 hadisə aşkarlanıb. Kameraların arxiv görüntülərindən istifadə edilməsi nəticəsində 380 bağlı cinayət açılıb.

 

 

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub. Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub. Qanunsuz dövriyyədən 269 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Hesabat dövründə 138 odlu silah, 10 qumbara, 9125 döyüş patronu yığılıb. Əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 61 odlu silah götürülüb.

Bildirilib ki, paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 66,6 faizi ödətdirilib.

Yol hərəkətinə nəzarət prosesində 11,6 faiz az və ya 775 min 5, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 576 min 380, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 8290, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4269 inzibati xəta aşkarlanıb. Habelə 69 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Məruzəçi deyib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi il ərzində ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 39 min 674 ərizə və müraciət daxil olub, 1805 vətəndaş qəbul edilib.

Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə mövcud nöqsanlara da toxunaraq, onların aradan qaldırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2016-cı ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

Ramil Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, inayətlərin qarşısının alınmasında, bağlı qalmış inayətlərin açılmasında aşağı göstəriiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, istintaqın fəaliyyətinin hərtərəfli yaxşılaşdırılmasını, Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin böyük əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin və psixotrop maddələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyəsinə qarşı mübarizənin güləndirilməsini, qanunsuz saxlanılan silahların əməliyyat yolu ilə yığılmasını tələb edib.

Diqqətə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, icra və xidməti intizamın daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlər ciddi nəzarətdə saxlanılmalı və cari il ərzində də daha səmərəli şəkildə davam etdirilməlidir.

Xüsusi qeyd olunub ki, əməkdaşlar şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməlidirlər. Onların fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, Bakı şəhər polis orqanlarının şəxsi heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

AZƏRTAC

Dünya İqtisadi Forumunun siyasi və iqtisadi dividentləri Azərbaycan üçün çox vacibdir. Azərbaycan Dünya İqtisadi Forumuna əhəmiyyət verməkdə haqlıdır. Bu da Prezident İlham Əliyevin bu kimi toplantıların gücünü və imkanlarını düzgün dəyərləndirməsinin nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, heç bir ölkə özü-özünə qapalı, öz daxilində inkişafa nail ola bilməz. Dünyanın əldə etdiyi nailiyyətlər, dünya təcrübəsində əldə olunan nəticələr hər kəs üçün öyrənməyə gözəl imkanlar yaradır. Eyni zamanda, hər bir ölkə Dünya İqtisadi Forumunda özünün əldə etdiyi uğurları, təcrübəni təqdim edə bilir. Bu da ölkəyə diqqəti artırır.

Vitse-spiker qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun arzuolunan prezidentlərindən biridir. Dövlətimizin başçısı ən vacib müzakirələrdə hər zaman məruzəçi kimi çıxış edir. Onun dünyada gedən siyasi və iqtisadi proseslərə münasibəti ciddi marağa səbəb olur. Bu sahədə Azərbaycan təcrübəsi, müasir Azərbaycan iqtisadiyyatı modelinin əldə etdiyi nailiyyətlər dünyanın diqqət mərkəzindədir.

Bahar Muradova hesab edir ki, Azərbaycan Dünya İqtisadi Forumunda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına töhfəsini verir. Forum çərçivəsində aparılan müzakirələrdən nəticələr çıxarılır və bu da siyasi, iqtisadi konsepsiyalarda əksini tapır. Azərbaycanın üzləşdiyi bir sıra iqtisadi çətinliklərin aradan qaldırılması üçün də yeni imkanlar araşdırılır.

Milli Məclis sədrinin müavininin sözlərinə görə, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər əməkdaşlığın inkişafına, ölkəmizə investisiya axınının çoxalmasına, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına böyük zəmin yaradır.

AZƏRTAC

 

 

 

Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi (UNAPF) üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda dinamik inkişafa nail olunduğunu, rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadiyyatın formalaşdırıldığını qeyd edib. İqtisadiyyatın davamlı inkişafının təmin olunması istiqamətində sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə bu sahədə aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziyaların verilməsi sadələşdirilib, yeni istehsal və iş yerlərinin yaradılması istiqamətində sənaye parkları və zonaları yaradılıb, investisiya mühitinin yaxşılaşdırılması üçün təşviq sənədinin verilməsinə başlanılıb, gömrük sahəsində islahatlar davam etdirilib, xüsusi ixrac missiyaları təşkil olunub, əhalinin sosial müdafiəsinin gücləndirlməsi ilə bağlı tədbirlər görülüb. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilmiş proqramlar nəticəsində yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2015-ci ildə 4,9 faizə enib. Azərbaycan bu sahədəki uğurlarına görə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülüb və dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir. Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər qurumuna 2017-2019-cu illər üzrə böyük səs çoxluğu ilə üzv seçilməsi ölkəmizin sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir.

Azərbaycan və BMT əməkdaşlığı barədə məlumat verən nazir Şahin Mustafayev əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu, Azərbaycanın 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini vurğulayıb.

Bununla belə, BMT-Azərbaycan əlaqələri ötən il imzalanan 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi ilə yeni mərhələyə qədəm qoyub. Sənəd hazırlanarkən milli tərəfdaşlarla, inkişaf məsələləri üzrə beynəlxalq partnyorlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələr keçirilib və UNAPF Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər sənədlərdə ifadə olunmuş məqsədlərə əsaslanıb. Davamlı İnkişaf Məqsədlərində və UNAPF-da dayanıqlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi, əhalinin həssas qrupları üçün məşğulluq imkanlarının genişləndirilməsi, keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatanlılığı, sosial baxımdan daha inklüziv və bərabər inkişafa nail olunması, qanunvericiliyin təkmilləşdirilməsi, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq və s. məsələlər öz əksini tapıb. Nazir Şahin Mustafayev BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrasının ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçiriləcək birgə fəaliyyətə öz töhfəsini verəcəyini vurğulayıb.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr barədə məlumat verib. Q.İshaqzai BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması zamanı bir sıra maraqlı tərəflərlə - hökumət qurumları, özəl sektor, vətəndaş cəmiyyətləri ilə müxtəlif müzakirələrin aparıldığını, sənəddə digər məsələlərlə yanaşı, inklüzivliyə, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirildiyini qeyd edib.

İdarəetmə Komitəsinin iclası çərçivəsində birgə iş planları, cari il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib, UNAPF Nəticə Qrupları tərəfindən prioritet sahələr üzrə təqdimatlar keçirilib, UNAPF üzrə İstiqamətləndirici Komitənin tərkibi və UNAPF nəticələr qruplarının səlahiyyət dairələri təsdiq edilib.

Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov və başqaları çıxış edərək müxtəlif təkliflər səsləndiriblər. 

İqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai iclasa yekun vuraraq müzakirələrdə səsləndirilən təkliflərlə bağlı fikirlərini bildiriblər.

AZƏRTAC

 

 

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Kuala Lumpur şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxış edib. Nazir deyib ki, İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam ümməti ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirmək niyyətindədir. O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncam imzalayıb.

Nazir bildirib ki, bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir. Bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir. Biz üzv ölkələrimizin ədalətli mövqeyinin müdafiə olunmasında qətiyyət göstərməkdə davam etməli və qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıyıq.

Çox təəssüf ki, Rohinqyadakı vəziyyət İslam ümməti üçün ciddi narahatlıq yaratmaqda davam edir və İƏT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Rakhine ştatında minlərlə müsəlmanı öz yurdlarından didərgin düşməyə məcbur edən ciddi zorakılığa və humanitar böhrana biganə qalmalı deyilik.

E.Məmmədyarov vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etməsinin və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq uzun müddətdir ki, qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür. Buna görə, biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi repressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq.

Nazir Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə buddist və müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə ölkəmizin tam dəstəyini ifadə edib. O deyib ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu, qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha da artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır.

E.Məmmədyarov İƏT Kontakt Qrupunun səylərinin Myanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcəyinə inandığını ifadə edib.

Nazir qeyd edib ki, İsrail-Fələstin münaqişəsi bizim üçün ağrılı məsələdir. O, qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini ifadə edib. E.Məmmədyarov deyib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən, hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. O, ölkəmizin İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir etdiyini deyib.

AZƏRTAC

 

 

 

Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib. Mərasim Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli” çərçivəsində reallaşan tədbirlərdən biridir.

Dünyanın 65 ölkəsindən nazir və digər yüksək səviyyəli rəsmilərin iştirak etdiyi mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı səfiri, BMT-nin Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.

Açılış mərasiminin rəsmi hissəsində çıxış edən DTT-nin baş katibi  Taleb Rifai qeyd edib ki, bu il davamlı turizmin dövlət və özəl sektor, qərar verənlər və cəmiyyət arasında inkişafa verdiyi töhfə üzrə məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətdə səfərbər etməkdə unikal imkandır.

Daha sonra Gürcüstanın Baş naziri, Hondurasın vitse-prezidenti və İspaniyanın xarici işlər naziri çıxış edərək sözügedən ilin əhəmiyyətini vurğulayıblar.

Ümumiyyətlə, 2017-ci ildə aşağıdakı beş əsas istiqamət üzrə turizmin rolunun öyrənilməsi nəzərdə tutulur:

1. İnklüziv və davamlı iqtisadi artım;

2. Sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması;

3. Resurslardan effektiv istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi;

4. Mədəni dəyərlər, müxtəliflik və irs;

5. Qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik.

Tədbir çərçivəsində nazir Ə.Qarayev “Fitur-2017” turizm sərgisinə baş çəkib, bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.

AZƏRTAC

 

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, yanvarın 19-da kənd təsərrüfatı naziri Heydər Əsədovun İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizdə aqrar sahədə görülən işlərdən ətraflı söhbət açılıb.

Nazir Heydər Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib.

Kənd təsərrüfatı naziri İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bankın reallaşdırdığı layihələrin respublikamızda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib.

Nazir Heydər Əsədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərə əlavə və dəyişikliklərin olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma Sistemlərinin Təmir-bərpası İşləri” subkomponenti çərçivəsində su itkisinin azaldılmasının, su kanallarının uzunömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəzlənməsinin, Yevlax rayonunda əlavə 4000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılmasının, toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulmasının, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının, elmi-tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğu diqqətə çatdırılıb, aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib.

Sayed Ağa İslam İnkişaf Bankı ilə yaxından əməkdaşlıq etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, bankın fəaliyyəti çoxşaxəlidir və tərəfdaş ölkələrdə prioritet sahələrin inkişafına dəstək vermək əsas hədəflərdəndir. O, “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə bank tərəfindən texniki missiyanın göndərilməsinin məqsədəuyğun olduğunu bildirib.

 

AZƏRTAC

 

 

 

Cümə, 20 Yanvar 2017 13:29

Yenilməzlik, qəhrəmanlıq rəmzi

İyirmi beş ildir ki, Azərbaycan müstəqil dövlətdir, lakin bugünkü azadlığı xalqımız əldə edənəcən çox ağır, əzablı mübarizə yolu keçmiş, böyük faciələrlə üzləşmiş və qurbanlar vermişdir. 20 Yanvar gecəsi isə bu yolun başlanğıcında durur və o dövrdə ilk kütləvi itkilər günüdür. Qanlı Yanvar günü Azərbaycan tarixində ən müdhiş və şanlı səhifələrdən biridir. Həmin gün xalqımızın qan yaddaşına əbədi həkk olmuşdur.

1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Sumqayıtda, Bakıda və digər bölgələrdə təxribatlar törədərək ermənilərin talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK-nın “Alfa” xüsusi qrupu tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu, tankların tırtılları altında əzdi. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.  20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi. Elə həmin gün ərzində 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi.

Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qan, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yaddaqalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 27 il keçmiş və suveren Azərbaycan Respublikası dünya dövlətlərarası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.

1990-cı ilin 20 Yanvar günü ölkə tarixində təkcə faciə günü kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü olaraq yaddaşlarda daim yaşayacaqdır. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Xalqımıza qarşı törədilən soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkə ərazisinin 114 min kvadratkilometrdən 86 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların ermənilər tərəfindən əzəli dədə-baba torpaqlarından qovulması bu siyasətin nəticəsi idi.

Bu tarixi hadisə  nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.  

 

Vidadi CƏFƏROV,

Sumqayıt Apelyasiya

Məhkəməsinin hakimi.

 

 

 

1 -dən səhifə 1068