XƏBƏR LENTİ

Şənbə, 02 Noyabr 2019 09:08

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, N 23, maddə 996; 1993, N 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 5, maddə 251; 2003, N 12 (I kitab), maddə 677; 2005, N 4, maddə 291; 2006, N 10, maddə 846; 2007, N 3, maddə 213; 2008, N 6, maddələr 452, 472; 2009, N 1, maddə 4, N 5, maddə 312, N 7, maddələr 514, 515, N 12, maddə 974; 2010, N 3, maddə 174, N 11, maddə 960; 2011, N 11, maddə 992; 2012, N 7, maddə 664, N 11, maddələr 1036, 1048, 1061; 2013, N 5, maddələr 460, 478, N 10, maddə 1143, N 12, maddə 1477; 2014, N 6, maddələr 612, 623; 2015, N 12, maddə 1447; 2016, N 12, maddələr 1979, 2040; 2017, N 1, maddələr 16, 27, N 7, maddə 1311, N 10, maddə 1771, N 11, maddə 1962, N 12 (I kitab), maddələr 2242, 2269; 2018, N 2, maddə 168, N 3, maddə 387, N 5, maddələr 841, 859, 874, N 6, maddə 1190, N 11, maddə 2207, N 12 (I kitab), maddələr 2465, 2516; 2019, N 3, maddə 369, N 5, maddə 790) 2-ci maddəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı.” hissəsindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı.”.

Maddə 2. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

 

 

 

Azərbaycan Respublikasının

2019-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

 

Azərbaycan Respublikasının

2019-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının

TƏSVIRI

Maddə 1. Medalın ümumi təsviri

“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1.Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır.

2.2.Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “BAKI DÖVLƏT UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1919-2019” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. “1919-2019” sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir.

2.3.Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində relyefli “BDU” sözü, aşağı hissəsinə “100” rəqəmləri həkk edilmişdir.

2.4.Səkkizguşəli ulduz, çevrənin konturları, atom təsviri və kitab emblemi, sözlər və rəqəmlər, “BDU” loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd göy rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1.Medalın arxa tərəfinin yuxarı hissəsində “BDU-100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunur.

3.2.Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilir.

Maddə 4. Medalın elementləri

4.1.Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 40 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2.Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1,68 mm enində tünd göy, 1,83 mm enində ağ, 15 mm enində tünd göy, 1,83 mm enində ağ, 5,27 mm enində qızılı və mərkəzdə eni 4,55 mm olan göy rəngli şaquli zolaqlar vardır.

4.3.Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən və atom təsvirindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 37 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilir.

4.4.Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Read 54 times