XƏBƏR LENTİ

Şənbə, 10 Sentyabr 2016 12:47

Arıçıların nəzərinə

2016-cı ilin oktyabrın 15-dən noyabrın 15-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 23 ünvanı, “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcəkdir.

İştirak etmək istəyən arıçılardan Kənd Təsərrüfatı Nazirliyinin “1652” nömrəli Çağrı mərkəzinə müraciət (zəng) edərək qeydiyyatdan keçmək xahiş olunur.

Qeydiyyatdan keçmiş şəxslər arıçılıq məhsulları ilə birlikdə aşağıda göstərilən sənədləri Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrupuna təqdim etməlidirlər.

– Şəxsiyyət vəsiqəsi

– Arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi)

– Rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma № 2)

– Sərgi-satış yarmarkasında nümayiş etdiriləcək (satılacaq) arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi barədə ekspertiza rəyi

Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (arı saxlayan və arıçılıq məhsulları istehsal edən) fiziki və ya hüquqi şəxslər iştirak edə bilərlər.

Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcəkdir. Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcəkdir.

Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının sərgi-satış yarmarkasında nümayişinə və satışına yol verilməyəcəkdir.

Arıçı kimi yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər şəxsiyyətini təsdiq edən sənədi (hüquqi şəxsin dövlət qeydiyyatından keçmiş nizamnaməsi və əsasnaməsi) yarmarkaya nəzarəti həyata keçirən məsul şəxslərə təqdim etməlidirlər. Əks halda onlar arıçı kimi yarmarkaya buraxılmayacaqlar.

Nəzərinizə çatdırırıq ki, yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə də nəzarət həyata keçiriləcəkdir. Yarmarkada yerlərin bölüşdürülməsi arıçıların iştirakı ilə püşkatma qaydasında müəyyən ediləcəkdir.

İştirak edəcək arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 8-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər. Oktyabrın 8-dən sonra müraciət edən arıçıların məhsulları satış üçün yarmarkaya buraxılmayacaqdır.

Sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçıların qeydiyyatı sentyabr ayının 15-dən oktyabr ayının 7-dək aparılacaqdır. Qeydiyyatdan keçmiş arıçılar, məhsullarının müayinəsi üçün Nazirliyin əməkdaşlarına dəstək göstərməyə dəvət edilirlər. 

Maraqlanan şəxslər əlavə məlumat əldə etmək üçün digər əlaqə vasitələri ilə də (Tel: +99412 4936319 və ya +99412 4935164, www.agro.gov.az, yazılı formada) Nazirliyə müraciət edə bilərlər.

Nazirliyin “1652” nömrəli Çağrı mərkəzi qeydiyyat aparılan müddətdə istirahət günləri də daxil olmaqla səhər saat 9-dan 18.00-dək fasiləsiz rejimdə fəaliyyət göstərəcəkdir.

 

Sərgi-satış yarmarkasının

təşkili üzrə işçi qrupu.

 

 

 

Read 244 times