XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:31

ŞEİRİMİN DOĞUM GÜNÜ

Hörmətli oxucu!

Bildiyiniz kimi, Xalq şairi Zəlimxan Yaqubun indiyədək Azərbaycanda və xarici ölkələrdə 50-dək kitabı nəşr olunub. İşıq üzü görən hər kitab əl-əl gəzib, böyük oxucu rəğbəti qazanıb. Sirr deyil ki, o, bu gün ən çox oxunan, ən çox sevilən şairdir. Onun hər yeni şeiri mürəkkəbi qurumamış dillər əzbəri olur, sazın simlərindən süzülərək milyonların yaddaşına hopur və nə qədər ki, sazımız yaşayır, bu şeirlər də yaşayacaq.
Zəlimxan Yaqubu bir şair kimi sevdirən bir də odur ki, o, şeirlə oxucu arasındakı məsafəni azaltdı, daha doğrusu, şairlə oxucu arasındakı divarı götürdü. Şair-kitab-oxucu rabitəsini birbaşa şair-oxucu əlaqəsi ilə əvəzləməyi bacardı. Özü də sözün hər mənasında. Oxucu onun şeirlərini hər gün öz dilindən eşitmək, özüylə canlı təmasda olmaq imkanı qazandı, üstəlik dərdini də onunla bölüşə bildi.
Şairin, ixtiyarınıza verdiyimiz bu çoxcildliyini tərtib edərkən çox götür-qoy etdik ki, necə edək, tərtibat hansı formada olsun, cildlərdə şeirlər və poemalar hansı ardıcıllıqla yer alsın. Müxtəlif fikirlər oldu. Amma sonunda qərara aldıq ki, heç bir süni bölgü-filan aparmayaq. Çünki onun özü də daim süniliklərdən uzaq olub; istər həyatda, istərsə də yaradıcılıqda. Sadəcə olaraq çalışdıq ki, bütün əsərlərini çoxcildlik bir nəşrdə toplayaq. Bu məqsədlə indiyədək işıq üzü görmüş bütün kitablarını nəzərdən keçirdik, ilk qələm təcrübəsindən başlayaraq səliqə ilə qoruyub saxladığı əlyazmalarına baxdıq. Elə buradaca qeyd etmək istəyirəm ki, Zəlimxan Yaqubun olduqca səliqəli arxivi vardır və yaradıcılığa başladığı ilk vaxtlardan bu günümüzədək bütün şeir dəftərləri bu arxivdə qorunub saxlanılır. Bu dəftərlər həm onun yaradıcılığını, həm də bütövlükdə keçdiyi həyat yolunu, bu illər ərzində nə ilə nəfəs aldığını, nə ilə oturub-durduğunu, dünya klassiklərinin hansı əsərlərini oxuduğunu öyrənmək baxımından da maraqlıdır. Və bu dəftərlər özü ayrıca bir tədqiqat sahəsidir ki, biz bu yöndə artıq ilk addımı atdıq: şairin zaman-zaman oxuduğu kitablardan həmin dəftərlərdə qeyd etdiyi dahiyanə fikirləri toplayıb 2010-cu ildə “Düşüncələrin simfoniyası” adlı nəfis bir kitab nəşr etdirdik. Sağlıq olsun, gələcəkdə daha böyük planlarımız var.
Şairin əsərləri külliyyatını nəşrə hazırlayarkən də ilk növbədə bu dəftərlərə müraciət etdik. Və gördük ki, bu dəftərlərsiz nəşrə hazırladığımız əsərlər külliyyatı yarımçıq olardı. Sən demə, şairin indiyədək heç bir kitabına daxil edilməmiş, mətbuatda işıq üzü görməmiş çoxlu sayda şeirləri varmış bu dəftərlərdə. Maraqlısı da budur ki, bu şeirlərin əksəriyyəti Zəlimxan Yaqub yaradıcılığının ilk dövrlərinə aiddir. Özü də indiyədək çap olunmamasının səbəbi heç də bu şeirlərin zəif olması deyil. 18-20 yaşlı Zəlimxan Yaqubun yazdıqları 60 yaşlı Xalq şairi Zəlimxan Yaqubun yazdıqlarından ruh və məzmun, poetik səviyyə baxımından heç də geri qalmır.
Şeirlərini təhlil etmək fikrindən uzaq olsam da, hesab edirəm ki, yaradıcılığının ilk illərində yazdığı şeirləri oxuyarkən diqqətimi cəlb edən və onun bugünkü şöhrətinin mayasını təşkil edən, bünövrəsində duran bəzi məqamlarla bağlı fikrimi hörmətli oxucularla bölüşmək yerinə düşər. Fikir verin, hələ 1968-ci ildə - 18 yaşlı gənc şairin “ürək hökm edəndə yazmasam olmaz, gərək axıdasan alın tərini” deməsi onun gələcəyin böyük ədəbiyyat adamı olmasından xəbər verirdi. Və bu 18 yaşlı gənc yaxşı bilirdi ki, ədəbiyyat adlı möhtəşəm, əbədi bir dünyaya səfər edir və bu yolda əzab-əziyyət, çətinlik, iztirab da var, xoş anlar da. Bu həqiqəti bildiyinə görə də el ağsaqqalı, Gürcüstanın Əməkdar müəllimi Rəşid Acalovun
Çəkinmə! Hünərlə gir ümmanlara,
Qorxuda bilməsin ləpələr səni!
- tövsiyəsinə gənclik inadı, gənclik enerjisi ilə cavab verirdi:
Səfərə çıxmışam, dilimdə andım,
Bu yoldan geriyə dönən deyiləm.
Yazıb - yaratmağı bir şərəf sandım,
Sularda qərq olsam, sönən deyiləm.
Səfərə çıxdığı bu böyük yolun məsuliyyətini bilib “oxucu qəlbində qaldımı şeirim?” - deyə özü özünə sual edən şair qətiyyətlə “bu yolu hünərlə başa vurmasam, bütün bəşəriyyət düşmənim olsun!” - deyir.
Z.Yaqubun bir şair kimi xoşbəxtliyi həm də ondadır ki, ulu Tanrı ondan heç nəyi əsirgəməyib, nəyi veribsə bütöv verib, üstəlik istedadı ilə zəhmətsevərliyi bir-birinə təndir. Buna görədir ki, onun Nizamidən hikmət, Füzulidən qüdrət alan şeiri “qaranlıqlar dünyasına lərzə salıb”, bəzən Koroğlunun qılıncından da kəsərli olan şeirləri yeri gələndə “yaralara məlhəm”, ürəklərə təsəlli olub. O, bütün bəşəriyyəti sevib, bəşəriyyət də onun dostu olub.
Sonda qeyd etmək istəyirəm ki, Z.Yaqubun yaradıcılığının ilk dövrlərinin məhsulu olan və indiyədək çap olunmamış şeirləri çox olduğundan biz onu ayrıca cilddə toplamağı qərara aldıq. Və dəyərli oxuculara sürpriz olaraq həmin cildi bu nəşrin sonunda təqdim etməyi düşünürük. Çoxcildliyin birinci cildində isə şairin son illərdə yazdığı şeirlər toplanmışdır.
Yaradıcılığı barəsində yüzlərlə elmi məqalələr yazılan, dissertasiyalar müdafiə edilən Xalq şairi Zəlimxan Yaqubun bu çoxcildliyində ayrıca ön sözə ehtiyac duymadıq. Şairin özünün indiyədək keçdiyi yaradıcılıq yoluna bir baxış kimi qələmə aldığı yazını bu nəşrə giriş kimi verməyi qərara aldıq.

Musa NƏBİOĞLU.

 

 

ŞEİRİMİN DOĞUM GÜNÜ
Bu gün şeirin dünyasıdı,
təptəzə şeirim doğulub,
O şərəfə süfrə açıb
sözdən ziyafət verirəm.

Sözsüz dünya lal-kar olar,
yer çevrilər cəhənnəmə,
Qəlbimin hər bucağında
sizə bir cənnət verirəm.

Yer üzünün rəssamıyam,
fırça mənim əlimdədir,
Hər sözə bir naxış vurub
təzə bir zinət verirəm.

Arı ilə dost olmağım
bu gün verib bəhrəsini,
Hər sözümə bal qatılıb,
hər kəsə nemət verirəm.

Mənim şeirim gülüstandı,
hər çiçəkdən dərmək olar,
Kim nə dərsə halalıdır,
halal bir nemət verirəm.

Təzə ruha, təzə səsə
əl qaldırıb amin deyin,
Bu gün candan can ayrılıb,
könüldən sərvət verirəm.

Qəbul etsin dəvətimi,
unutmasın söhbətimi,
Gələn məni bağışlasın,
bir azca zəhmət verirəm.

Safdı ruhum, safdı eşqim,
nəfəsim də saf qalacaq,
Mən də şeirin dünyasına
bu cür təravət verirəm.

Ölüm haqdı, Zəlimxan da
bu dünyadan köçüb gedər,
Şeirim könül əmanəti,
sizə əmanət verirəm.

 

 

 

Read 46 times