XƏBƏR LENTİ

Bazar, 17 Yanvar 2021 06:14

Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki:

2.1. 2021-ci il 18 yanvar saat 00:00-dan:

2.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla və bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində digər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilir;

2.1.2. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) “SMS” icazə sistemindən və “icaze.e-gov.az” portalından istifadə ləğv edilir;

2.2. 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində aşağıdakı iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilir:

2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, ticarət obyektlərinin fəaliyyəti (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla);

2.2.2. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

2.2.3. muzey və sərgi zallarının fəaliyyəti;

2.2.4. şəhərlərarası və rayonlararası hərəkət;

2.3. 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir.

2.4. Azərbaycan Respublikasının bütün ərazisində aşağıdakı fəaliyyətə icazə verilir:

2.4.1. 2021-ci il 18 yanvar saat 00:00-dan 2021-ci il 25 yanvar saat 00:00-dək bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);

2.4.2. 2021-ci il 18 yanvar saat 00:00-dan 2021-ci il 1 fevral saat 00:00-dək bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış);

2.5. 2021-ci il 18 yanvar saat 00:00-dan 2021-ci il 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin (kənd və qəsəbələr istisna olmaqla) ərazilərinə giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir:

2.5.1. aşağıdakı şəxslər xidməti vəsiqə əsasında:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası

Təhlükəsizlik Şurası Katibinin Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);

7. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər

Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

9. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları;

2.5.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə, “icaze.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında:

1. bu Qərarın 2.5.1-ci yarımbəndində göstərilən dövlət orqanları (qurumları) istisna olmaqla, digər dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşları;

2. fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;

3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

5. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin könüllüləri;

2.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar bu Qərarın 2.5-ci bəndində qeyd olunan inzibati ərazi vahidləri arasında və onların hüdudlarından kənara hərəkət etməsi üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti - Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında;

2.5.4. beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin bu Qərarın 2.5-ci bəndində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında;

2.5.5. kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeyd olunan sahələrdə fəaliyyət göstərəcək əməkdaşlarının (nəqliyyat vasitələri ilə birgə) şəhərlərarası, rayonlararası hərəkətinə onlar barədə məlumatlar gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra yol verilir.

3. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərinin üzərlərində olması məcburidir.

4. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

5. Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

6. Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki

şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az”

portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.

7. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, 9, maddələr 1209, 1231, 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 noyabr tarixli 443 nömrəli, 19 noyabr tarixli 450 nömrəli, 5 dekabr tarixli 484 nömrəli, 8 dekabr tarixli 488 nömrəli və 25 dekabr tarixli 511 nömrəli qərarları) 1.1-ci bəndində “31 yanvar” sözləri “1 aprel” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 dekabr tarixli 488 nömrəli Qərarının 1-8-ci və 10-cu hissələri ləğv edilsin.

9. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 dekabr tarixli 488 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 dekabr tarixli 509 nömrəli Qərarı ləğv edilsin.

10. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə qüvvəsini saxlayır.

11. Bu Qərar 2021-ci il yanvarın 18-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 16 yanvar 2021-ci il.

Read 239 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər890945

Currently are 53 guests and no members online